Rusiya lideri Vladimir Putin çətin ki, Ukraynada müvəqqəti atəşkəs rejimini qəbul etsin. Çünki istənilən razılaşmada rus ordusunun döyüş meydanındakı hazırki uğurları və Moskvanın narahatlıqları nəzərə alınmalıdır. Bu barədə “Reuters” Rusiyadakı mənbələrinə istinadən yazıb.
Agentliyin mənbələrindən biri bildirib ki, indiki formada atəşkəsə razılıq vermək Putin üçün çətin olacaq. Mənbə qeyd edib ki, Rusiya hücumda olduğu üçün güclü mövqedə dayanır.
Başqa bir mənbə isə deyib ki, Kremldə ABŞ-Ukrayna təklifinin tələ kimi görünməsinə inanırlar. Çünki Rusiya prezidenti üçün heç bir zəmanət və əlverişli vədlər olmadan münaqişəni dayandırmaq çətin olacaq.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural