"Qlobal Bakı Forumu indiyə qədər keçirilən mərhələlərdə həmişə gündəmdə olan vacib məsələləri və qlobal problemləri müzakirə edib, əhəmiyyətli qərarların qəbul olunmasına töhfə verən mühüm platformalardan birinə çevrilib. Mən hesab edirəm ki, dünya nizamının yenidən formalaşdığı, beynəlxalq terror təhdidlərinin artdığı, dövlətlərarası münasibətlərin isə gərginliyin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə Azərbaycanın belə bir dialoq platforması yaratması sülhə, sabitliyə və beynəlxalq əməkdaşlığa mühüm töhfə verə biləcək amillərdən biridir."
Politoloq Aytən Qurbanova bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bu tədbiri iki əsas istiqamətdə qiymətləndirmək olar. Birincisi, Azərbaycanın Qlobal Bakı Forumuna ev sahibliyi etməsi və bu çərçivədə onun qlobal sistemdə və dünya nizamında rolunun hansı istiqamətdə təsir göstərməsi məsələsidir. Belə tədbirlər Azərbaycanın xarici siyasət strategiyası, regional reallıqlar və bölgədə baş verən hadisələrlə bağlı düzgün informasiyanın çatdırılması baxımından çox vacibdir. Bu cür platformalar informasiya müharibəsində üstünlük qazanmaq üçün mühüm vasitə hesab olunur. Qlobal Bakı Forumunda 40-dan çox dövlətin nümayəndəsinin iştirakı və onların bölgədə baş verən proseslər barədə birbaşa məlumat alması Azərbaycanın informasiya siyasəti baxımından mühüm uğur sayıla bilər."
"İkinci mühüm aspekt isə qlobal problemlərin həlli ilə bağlı aparılan müzakirələrdir. Hazırda bir çox beynəlxalq platformalar dövlət və hökumət başçılarını bir araya gətirməkdə çətinlik çəkir. Təəssüf ki, hazırkı dövrdə dövlətlərarası etimad xeyli azalıb və tərəflər bir-birinə ehtiyatla yanaşır. Lakin Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək dialoq mühiti yaratmaq və belə tədbirləri təşkil etmək baxımından öz üstünlüyünü sübut edib. Bu səbəbdən Qlobal Bakı Forumunda iştirak edən dövlətlər müzakirələrə böyük inam və həvəslə qoşulurlar. Forum çərçivəsində aparılan müzakirələrin nəticəsində yeni dünya nizamının formalaşması və qlobal problemlərin həlli istiqamətində vacib qərarların qəbul ediləcəyi gözlənilir."