12 sentyabr ərzində (saat 06:30-dan 18:00-dək) Rusiya qüvvələri Ukraynaya 410 zərbə dronu ilə hücum edib. Onlardan 37-si reaktiv tipli olub.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Qeyd olunur ki, ilkin məlumatlara görə, göstərilən müddət ərzində hava hücumundan müdafiə qüvvələri 336 zərbə dronunu (onlardan 23-ü reaktiv olub) vurub və ya elektron vasitələrlə zərərsizləşdirib.
Bundan əlavə, ruslar növbəti dəfə dəmir yoluna hücum edib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Lutsk şəhərində Rusiya zərbəsi nəticəsində qatarın vaqonları yanıb. Xilasedicilərə zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.
Rusiya qüvvələrinin Jitomir vilayətinə endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub, daha bir nəfər yaralanıb. Həmçinin səhər saatlarında vilayətdəki yanacaqdoldurma məntəqələrindən biri də hücuma məruz qalıb.