“Qəbələ
Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan
Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rəqəmsal Gələcək” –
Region gənclərinin virtual məşğulluğuna dəstək layihəsinin icrasına başlanılır.
Layihə 1
oktyabr – 31 dekabr 2026-cı il tarixlərini əhatə edəcək və Qəbələ və İsmayıllı
rayonlarında həyata keçiriləcək. Layihənin əsas məqsədi regionlarda yaşayan
18-29 yaş aralığındakı işsiz gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək,
onların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə,
eləcə də virtual məşğulluq imkanlarından səmərəli istifadəsinə şərait
yaratmaqdır.
Layihə çərçivəsində
Qəbələ və İsmayıllı rayonlarında yaşayan 120 nəfər gəncin iştirakı nəzərdə
tutulur. İştirakçıların seçimində gender balansının qorunmasına, həmçinin
sosial baxımdan həssas qruplara daxil olan gənclərin layihəyə cəlb edilməsinə
xüsusi diqqət yetiriləcək.
Tədbirlər çərçivəsində
virtual məşğulluq, frilans fəaliyyəti, rəqəmsal bacarıqlar və onlayn əmək
bazarının imkanlarına həsr olunmuş seminar və təlimlər təşkil ediləcək.
İştirakçılara karyera planlaşdırılması, iş axtarışı strategiyaları, rəqəmsal
platformalardan səmərəli istifadə və müasir əmək bazarında mövcud imkanlardan
yararlanma yolları barədə praktiki biliklər veriləcək.
Təlimlər əmək
bazarının müasir tələblərinə uyğun bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən
keçiriləcək. İştirakçıların nəzəri biliklərini praktiki bacarıqlara çevirmələri
məqsədilə müxtəlif praktiki çalışmalar həyata keçiriləcək, onların yerli və
beynəlxalq onlayn iş platformalarından istifadəsinə, frilans şəbəkələrinə çıxış
əldə etməsinə və potensial işəgötürənlərlə əlaqələr qurmasına dəstək göstəriləcək.
Layihə çərçivəsində
gənclərin sahibkarlıq və startap təşəbbüslərinin dəstəklənməsi, biznes mühitinə
çıxış imkanlarının genişləndirilməsi, əmək bazarına inteqrasiyanın
asanlaşdırılması və məşğulluq xidmətlərindən daha səmərəli istifadənin təşviqi
istiqamətində də fəaliyyətlər həyata keçiriləcək.
Layihənin tərəfdaşları
sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq
Agentliyi yer alır. Əməkdaşlıq çərçivəsində gənclərin sahibkarlıq təşəbbüslərinin
dəstəklənməsi, startap ideyalarının inkişaf etdirilməsi, əmək bazarına çıxış
imkanlarının genişləndirilməsi, real iş mühiti ilə tanışlıq və praktiki təcrübə
imkanlarının yaradılması nəzərdə tutulur.
Təlim
proqramını başa vuran iştirakçıların sonrakı fəaliyyətinin izlənilməsi və
onların virtual əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi də layihənin əsas
istiqamətlərindəndir. Bu məqsədlə gənclərə təlimdən sonra məsləhət və
konsultasiya xidmətlərinin göstərilməsi, mövcud iş imkanları barədə məlumatlandırılması
və müstəqil fəaliyyətlərinin inkişafına dəstək verilməsi planlaşdırılır.
Layihənin
icrası nəticəsində region gənclərinin rəqəmsal bilik və bacarıqlarının
artırılması, virtual məşğulluq imkanlarından daha səmərəli istifadə etmələri və
müasir əmək bazarında rəqabətqabiliyyətliliklərinin gücləndirilməsi gözlənilir.
Eyni zamanda, xüsusilə sosial baxımdan həssas qruplara daxil olan gənclərin məsafədən
iş imkanlarına çıxışının genişləndirilməsi və məşğulluq sahəsində inklüzivliyin
artırılması hədəflənir.
Uzunmüddətli
perspektivdə layihənin region gəncləri arasında virtual məşğulluğa və “Home
office” modelinə marağın artmasına, rəqəmsal əmək bazarında yeni imkanların
tanınmasına və gənclərin bu sahədə fəaliyyət göstərən şəxslərlə şəbəkələşməsinə
töhfə verməsi nəzərdə tutulur.
Layihə çərçivəsində tədbirlərin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində keçirilməsi nəzərdə tutulur. Layihə tədbirlərində Qəbələ və İsmayıllı rayonlarında yaşayan və layihənin müəyyən etdiyi yaş qrupuna uyğun gələn 120 nəfər gəncin iştirakı təmin ediləcək.