"İnsanlar İslamın həqiqi mahiyyətini dərk edəndə görürlər ki, İslam dinində “matəm günü” və ya “matəm ayı” kimi bir anlayış yoxdur. Nə Qurani-Kərimdə, nə də şəriətdə belə bir göstəriş mövcuddur. Sadəcə, zaman keçdikcə insanlar digər dinlərdə dəyişikliklər etdikləri kimi, İslam dininin də bəzi qollarında müxtəlif şəxslər öz bayramlarının sayını artırdığı kimi, matəmlərin də sayını artırmışlar və s."
Siyasi-dini şərhçi Tural İrfan bunu News365.az-a açıqlamasında deyib.
"Lakin oruc ayında – Ramazan ayında, Qurban bayramında və digər aylarda toy etmək, ümumiyyətlə, xoş məramlı mərasimlər keçirmək – nişan mərasimi, toy mərasimi və digər tədbirlər təşkil etmək – din baxımından heç bir problem yaratmır. Ancaq əgər məclisdə yemək-içmək veriləcəksə, bu, iftardan sonra olmalıdır.
Məlumdur ki, Ramazan ayı oruc ayıdır və bu ayda insanları toplayıb onlara yemək vermək, onları orucu pozmağa təşviq etmək həm Ramazan ayına hörmətsizlik sayılır, həm də düzgün hesab edilmir. Bununla belə, bir məsələni də unutmaq olmaz ki, oruc tutmayan insanları məcbur etmək olmaz. Əgər bir yerdə insanlar ümumiyyətlə oruc tutmurlarsa, orada toy edilməsinin də heç bir qəbahəti yoxdur. Çünki oruc tutulmayan bir yerdə toyun təxirə salınmasının heç bir mənası yoxdur. Onsuz da toy məclislərində iştirak edənlərin arasında oruc tutmayanlar da olacaq.
Ona görə də düşünürəm ki, Ramazan ayında toy etməkdə heç bir problem yoxdur. Ramazan mübarək aydır və bu ayda keçirilən toylar da bərəkətli olar. Ancaq daha yaxşı olardı ki, toy məclisləri iftardan sonra təşkil edilsin. Onsuz da toylarımız adətən saat 6-7 arası başlayır."