"Qurd qapısı", yoxsa "Türk qapısı"?

"Qurd qapısı",  yoxsa "Türk qapısı"?
09:35
Hər zaman bu ərazidən keçəndə niyə buranın
Qurd qapısı adlanmasını düşünmüşəm. Bu ad Azərbaycanda bir neçə yerdə (xüsusilə Quba, Şəki, Lənkəran, Qarabağ, Şamaxı bölgələrində) rast gəlinir və hər yerdə mənası bir qədər fərqli yozulur
Badamdar ərazisində xalqın dilində "Qurd qapısı" deyilən, eyni zamanda burda eyni adlanan qəbiristanlığı Bakıda yerləşən məşhur qəbiristanlıqdır. Qəbiristanlıq 1940-cı illərdə salınıb. Qəbiristanlıq əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.
Bakıdakı "Qurd qapısı" adlanan ərazinin adının etnonimi ilə bağlı bir neçə fərziyyələr mövcuddur. Bəziləri bunu totemizmlə bağlasa da, bəziləri bu adın təsviri mahiyyət daşıdığını söyləyir.
Bir versiyaya görə Çəmbərəkənd adlanan əraziyə gedən yola əvvəllər "Qasımçapan" deyərlərmiş. Bu yol dar olduğundan ticarət üçün bura gələnlərə narahatlıqlar yaratmışdır. Xocahəsənli daşçapan Qasım kişi təmənnasız qayalığı yararaq yolu genişdləndirmişdir.
Digər bir versiyaya görə 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakıda düşmənlər üzərində qələbəsi məhz bu ərazidə baş verdiyi üçün Türk qapısı adı alır bir müddət..Qeyd edim ki, Osmanlı mənbələri buranı "Heybət-Qurd qapısı yüksəkliyi " kimi qeyd edirlər. Hətta 2017--ci ildə bir qrup ingilis turist babalarının döyüşdüyü bu yeri ziyarət etmişlər və burada bir lövhə yaxud məlumat qeyd edilən heç bir istinad tapa bilməyiblər..
Başqa bir versiya görə bu ərazilər dağlıq, qayalıq sahələr olmuşdur. Dağda əmələ gələn oyuqlar hər külək əsdikcə qurd səsi çıxarmış, yerli əhali də buna görə toponimi qurdlarla bağlamışdır. Hazırda həmin dağ mövcud deyil.
Bakı folkloruna görə qədimdə müharibədən sonra tək qalmış yaralı əsgəri sağaldıb və onu arxasınca qurd qapısı adlanan ərazidən keçirib Anadoluya aparan da “dişi qurd” olub.
Qeyd edim ki,“Qapı” sözü Azərbaycan toponimlərində çox vaxt dar dağ keçidi, dərədəki çıxış mənasında işlənir. Qədim mənbələrə və Bakı ətrafı toponimlərə baxdıqda, “Qurd qapısı” adlanan yer Zəfəran dağı ilə Yasamal dərəsi arasında yerləşən dar təpə keçidi olub.
Bu keçid qədimdən Bakıya qərb tərəfdən — Şamaxı, Mərdəkan və Qobustan istiqamətindən gələn yolların birləşdiyi təbii giriş idi.
Ətraf ərazilər meşəlik və vəhşi təbiətli olduğuna görə, burada çoxlu qurdlar (canavarlar) olurmuş. Ona görə xalq buranı “qurdların keçidi” mənasında “Qurd qapısı” adlandırıb.
Qədimdə karvanlar, səyyahlar, ticarətçilər Bakı qala divarlarına bu keçiddən çatırdılar. Həmin yol boyunca su quyuları, karvansaralar və hərbi müşahidə məntəqələri də olub (bu, 17–18-ci əsr rus və fars xəritələrində qeyd edilir).
XIX əsrin 50-ci illərində Bakıya səyahətə gələn Aleksandr Düma məhz bu ərazini "Qurd qapısı" adlandırır: “Bu qəribə dəlik Bakının beş verstliyində yerləşir. Qayanın içində yaranmış bu dəlik vadiyə açılır. Ətrafda durğun su gölməçələri, iki yüksək dağ arasında uçurum və bir dənə belə bitki izi yoxdur”. Parisin gur küçələrinə və qotik kilsələrinə öyrəşmiş yazıçı üçün bu bakılı qaya parçası elə bil başqa bir dünyaya – sərt, ilkin və poetik şəkildə qorxulu bir aləmə açılan portal təsiri bağışlamışdı.

Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada