“Qəzzədəki atəşkəs kövrəkdir, Livan faktoru hər an prosesi poza bilər” - Rufiz Hafizoğlu

“Qəzzədəki atəşkəs kövrəkdir, Livan faktoru hər an prosesi poza bilər” - Rufiz Hafizoğlu
10:46

 “Qəzzədəki atəşkəs kövrəkdir, Livan faktoru hər an prosesi poza bilər”

Politoloq Rufiz Hafizoğlu “News365.az”a açıqlamasında bildirib ki, Qəzzə zolağında İsrail və Həmas arasında imzalanan atəşkəsin davamlılığı şübhə altındadır. Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət o qədər mürəkkəbdir ki, bölgədə sabit sülhdən danışmaq hələ tezdir.

“Bu gün bəli, Qəzzə bölgəsində Həmas və İsrail arasında atəşkəs imzalanıb. Amma problem ondadır ki, bu atəşkəs kövrəkdir. Yaxın Şərqdən danışanda Livan, Suriya və İran faktorlarını nəzərə almamaq olmaz. Əgər Qəzzədə atəşkəsdən danışırıqsa, ilk növbədə Livanda nə baş verəcəyini düşünməliyik,” – deyə Rufiz Hafizoğlu vurğulayıb.

Politoloq bildirib ki, İsrail üçün əsas təhlükə Livandakı “Hizbullah” təşkilatıdır:
“Hizbullah – dövlət içində dövlət rolundadır və son aylarda ciddi zəifləyib. Həsən Nəsrullahın öldürülməsi, ardınca yeni liderin də zərərsizləşdirilməsi bu təşkilatı sarsıdıb. Buna baxmayaraq, Hizbullah silahları təhvil vermək istəmir və Livan ordusuna inteqrasiya prosesi baş tutmayıb. Bu da İsrailin Livanı özünə real təhdid kimi görməsinə səbəb olur.”

Hafizoğlunun sözlərinə görə, atəşkəsin elan olunduğu günün səhəri Livanın cənubunun bombalanması da bunun bariz göstəricisidir:
“Atəşkəs elan olunduğu günün səhəri Livanın cənubu bombalandı. Bu da onu göstərir ki, İsrail-Livan münaqişəsi hələ bitməyib. ABŞ belə, ‘Hizbullah’ silahlarının təhvil verilməsi məsələsini gündəmə gətirdi, amma nəticə olmadı.”

Politoloq hesab edir ki, bölgədə vəziyyətin yaxın zamanda sabitləşməsi çətin olacaq və atəşkəsin davamlılığı Livandakı proseslərdən birbaşa asılıdır.


Sizin reklam burada
Sizin reklam burada