Qədim Roma müəllifi Ammiyan Marsellin Azərbaycan haqqında nə yazıb?- FOTO

Qədim Roma müəllifi Ammiyan Marsellin Azərbaycan haqqında nə yazıb?- FOTO
09:20
Sizlərə çox maraqlı bir kitab təqdim edirəm. IV əsr Roma tarixçisi Ammiyan Marsellinin məşhur "Res Gestae" (Tarix) əsəri. Əsərin XXIII cildində Azərbaycanla bağlı xüsusi qeydlər var.
Pompeyin albanlar və massagetlər üzərinə yürüşündən danışılır. Maraqlıdır ki, müəllif massagetləri indi alanlar kimi təqdim edir. Mətndə qırmızı ilə işarələnmiş hissənin tərcüməsi təxminən belədir:
“…Pompeyi xatırlayaq; o, albanların və massagetlərin müqavimətini qıraraq bu xalqların torpaqlarından keçmiş və Xəzər dənizini görmüşdür.”
Ammiyan üçün "Albaniya" Xəzər dənizi ilə Qafqaz dağları arasındakı strateji məkandır. Müəllif alban şahlarının (məsələn, Urnayrın) Roma imperatorları ilə birbaşa diplomatik əlaqələrə girə biləcək qədər nüfuzlu olduğunu qeyd edir.
Kitabın elektron formasında oxumaq üçün:
Ammiyan Marselli imperator Yulianın əsgərlərinə müraciətini yazarkən qeyd edir ki, imperator öz ordusuna ruh vermək üçün keçmiş Roma sərkərdələri olan Lukull, Pompey və Trayanın Şərqdə, xüsusən də indiki Azərbaycan, Gürcüstan və İran ərazilərində qazandıqları qələbələri nümunə gətirir.
Müəllif əsərdə müasir Azərbaycan coğrafiyasında yaşayan xalqı fərqləndirir və onları daha yaraşıqlı hesab edir:
“Onlar uca boylu və qamətlidirlər. Saçları sarışındır. Gözləri isə qorxunc dərəcədə kəskin və hədələyicidir. Bu xalq üçün qocalıqdan ölmək rüsvayçılıq, döyüşdə ölmək isə ən böyük xoşbəxtlikdir.”
Ammiyan Xəzər dənizini dünyanın kənarındakı böyük su hövzələrindən biri kimi təsvir edir. Bu torpaqları həm zəngin resurslara malik, həm də çox çətin ram edilən döyüşkən xalqların yurdu kimi xarakterizə edir. Massagetləri çevik, sürətli və qəfil hücumlar edən məğlubedilməz süvarilər kimi qələmə verir.
O vurğulayır:
“Bu xalqda ‘qul’ anlayışı yoxdur. Hamı eyni soydan gəlir və hamı azaddır. Hətta hakimləri və rəhbərləri də uzun müddətli döyüş təcrübəsi olanlar arasından seçirlər. Bu torpaqlarda yaşayanlar acıya, soyuğa və yorğunluğa qarşı inanılmaz dərəcədə məmurdurlar. Onların "vəhşi" görünüşünün arxasında əslində qırılmaz bir iradə və azadlıq eşqi dayanır. Onların nə məbədləri, nə də rəsmi dinləri var.”
Ammiyanın ən məşhur qeydi isə budur: “Onlar yerə sancılmış yalın qılınca Marsın rəmzi kimi sitayiş edirlər və qılınc üzərinə and içirlər.”
Ammiyan yazır ki, onlar daşdan və ya ağacdan düzəldilmiş bütlərə sitayiş etmirlər. Onların tək bir müqəddəs simvolu var: yerə sancılmış qılınc. Bu adət qədim türk tayfalarında "Tanrı qılıncı" inancı ilə tam üst-üstə düşür.
Kitabda Azərbaycanın qədim sakinləri “çoxdilli, döyüşkən, atüstündə usta və Roma-Sasani rəqabətində həlledici güc” kimi təqdim olunur.
Ammiyan Marsellinin yaşadığı IV əsrdə antik dünya hələ "türk" etnonimini vahid bir ad kimi tanımırdı.
Buna baxmayaraq, o, Azərbaycan və ətrafındakı xalqların – alan, massaget, hun – danışıq tərzi və ünsiyyəti haqqında çox maraqlı, bəzən isə subyektiv qeydlər edir.
Ammiyan alanların və hunların danışığını təsvir edərkən latın və yunan dilləri ilə müqayisə aparır. O, bu dilləri qulağa "sərt" və "vahiməli" gələn səslər toplusu kimi qələmə verir. Müəllif onların dilini "skit dili" adlandırsa da, vurğulayır ki, bu dil çox geniş bir coğrafiyada – Dunaydan tutmuş Xəzərin şərqinə qədər – hər yerdə eynidir.
Müəllif yazır:
“Alanlar, massagetlər və hunlar bir-biri ilə rahat ünsiyyət qura bilirlər. Onların ləhcələri fərqlənsə də, kökləri eynidir.”
Ammiyan Marselli Azərbaycanı sadəcə bir ərazi kimi deyil, azadlıq sevən, atüstündə usta, sərtdilli və döyüşkən xalqların vətəni kimi təsvir edir. Onun yazdıqları Azərbaycan türklərinin qədim hərbi-mədəni köklərini anlamaq üçün əvəzsiz mənbədir.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada