"Türk dövlətləri böyük güclər arasında körpü olacaq" - Politoloqdan şərh

"Türk dövlətləri böyük güclər arasında körpü olacaq" - Politoloqdan şərh
14:45

Türk Dövlətləri Təşkilatının (TDT) Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusu əsas müzakirə predmetinə çevrilib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, bu mövzu türk dünyasının qlobal rəqəmsal rəqabətdə daha fəal rol almağa çalışdığını göstərir.


Onun sözlərinə görə, mayın 15-də Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin sədrliyi ilə Türküstanda keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev iştirak ediblər.

Politoloq qeyd edib ki, TDT gənc təşkilat olsa da, qısa müddətdə mühüm inkişaf mərhələsinə qədəm qoyub. O bildirib ki, “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunun ön plana çıxması təşkilatın yalnız iqtisadi əməkdaşlıq platforması deyil, həm də texnoloji idarəetmə və rəqəmsal suverenlik istiqamətində iddialı mövqe formalaşdırdığını göstərir.

Ekspertin fikrincə, Zirvə görüşündə müzakirə edilən Trans-Xəzər Fiber-Optik Kabel xətti və “Rəqəmsal İpək Yolu” təşəbbüsü Orta Dəhlizin artıq yalnız yük daşımaları üçün deyil, həm də məlumat və rəqəmsal axınlar baxımından strateji əhəmiyyət daşıdığını nümayiş etdirir.

Turan Rzayev vurğulayıb ki, TDT-nin əsas məqsədi hazırkı mərhələdə “superblok” yaratmaq deyil, mərhələli və koordinasiyalı inteqrasiya modelini gücləndirməkdir. Onun sözlərinə görə, iqtisadi və tranzit əməkdaşlığı, enerji marşrutları, rəqəmsal layihələr və ortaq mədəniyyət siyasəti təşkilatın əsas inkişaf istiqamətlərini təşkil edir.

Politoloq hesab edir ki, gələcəkdə ABŞ və Çin arasında rəqabətin daha da sərtləşməsi türk dövlətlərinin geosiyasi əhəmiyyətini artıracaq. O qeyd edib ki, türk dövlətləri böyük güclər arasında seçim edən tərəf deyil, daha çox körpü və strateji keçid zonası rolunda çıxış etməyə çalışacaq.

Ekspert əlavə edib ki, TDT hazırda nə NATO kimi hərbi blok, nə də Avropa İttifaqı kimi hüquqi birlikdir. Buna görə də təşkilata üzv dövlətlərin yaxın perspektivdə çoxvektorlu siyasəti davam etdirəcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada