Türk dünyasının səsi Bakıda: "Səkkiz dövlətdən ibarət deyilik"-FOTO

Türk dünyasının səsi Bakıda: "Səkkiz dövlətdən ibarət deyilik"-FOTO
12:51

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Zirvə toplantısı keçirilib.

Tədbirdə QHT forumları çərçivəsində Türk Dünyası Gənc Liderlər Forumu zamanı Dünya Türk Gənclər Birliyinin başqanı Ərsin Gözəl möhtəşəm çıxış edib.

Həmin çıxışı təqdim edirik: "Hörmətli iştirakçılar, hörmətli Baş katib, Sizi Türk Dünyasının 35 ölkəsində fəaliyyət göstərən 80 təşkilatımız adından ehtiramla salamlayıram.
Problemlərimiz ortaqdır və hamımız bu problemlərin fərqindəyik. Lakin təəssüf ki, bu problemlərə həll yaradacaq ortaq iradəni hələ kifayət qədər ortaya qoya bilməmişik. Türk Dövlətləri Təşkilatı çərçivəsində səkkiz üzv ölkə olmasına baxmayaraq, bu qurumdan kənarda qalan türk topluluqlarına yönəlik ortaq fəaliyyətlər hələ də arzu olunan səviyyəyə çatmayıb. Sibirdə, Şərqi Türküstanda, Avropanın şərqindən Şimali İraqa və Güney Azərbaycan coğrafiyasına qədər olan problemlər də bu təşkilatın əsas mövzularından biri olmalıdır.
Qaqauziyada yaşayan türklər bu gün ciddi bir qeyri-müəyyənlik içində yaşayırlar. Son toplantımızda yaxınlaşan seçkilərə hazır olunmasının vacibliyini bildirmişdim. Lakin seçkilər Moldova hökuməti tərəfindən ləğv edildi və bölgə qeyri-müəyyən bir gələcəyə sürükləndi. Burada yaşayan yüz minlərlə türkün gələcəyi hər cür siyasi və iqtisadi hesabların fövqündədir.
Əfqanıstandakı özbək və türkmən topluluqlarının problemləri də olduqca ağırdır. Qızlarımız yanlarında kişi müşayiətçi olmadan ölkədən çıxa bilmir, təhsil hüquqları isə ciddi şəkildə məhdudlaşdırılır. Bu səbəbdən Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin xarici təqaüd proqramlarında Əfqanıstandakı qız tələbələrimizə müsbət ayrı-seçkilik tətbiq olunması üçün müxtəlif təşəbbüslər göstəririk.

Hörmətli Baş katibimizdən də Azərbaycan universitetlərində Əfqanıstanda yaşayan özbək və türkmən qızlarına təqaüd proqramlarında üstünlük verilməsi üçün dəstək gözləyirik. Eyni şəkildə, cənab Mirziyoyevin özbək diasporası ilə bağlı həssaslığını bildiyimiz üçün Əfqanıstan özbəklərinin, xüsusilə də qız uşaqlarının təhsil alması məsələsində prioritet veriləcəyinə inanırıq.



Şimali Kipr Türk Cümhuriyyəti aradan keçən öncə zamana baxmayaraq, hələ də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hamısı tərəfindən tanınmayıb. Öz qardaşımızı tanımasaq, başqalarının onu tək buraxmasına mane ola bilmərik. Rauf Denktaş və Fazıl Küçüyün mirası sahibsiz buraxılmamalıdır.
Sibirdə yaşayan Şorlar, Teleutlar, Telengitlər və Tofalar kimi topluluqların sayı artıq bir neçə min nəfərlə məhdudlaşır. Bu qardaşlarımız uşaqlarının ana dillərini öyrənə bilməsi üçün öz ləhcələrində əlifba və tədris materialları tələb edirlər. Onlar güclü slavyanlaşdırma təzyiqi altında kimliklərini qorumaq uğrunda mübarizə aparırlar".
Təşkilat başqanı onu da diqqətə çatdırıb ki, türklərin vətəni yalnız Türk Dövlətləri Təşkilatına daxil olan səkkiz ölkədən ibarət deyil: "Daha geniş bir coğrafiyada milyonlarla türk öz ata yurdlarında var olma mübarizəsi verir. Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, bu səkkiz ölkədən kənarda qalan türk topluluqları da əsas gündəm mövzularımızdan biri olmalıdır.
İslam coğrafiyasındakı bəzi dini qurumlar türk topluluqlarını öz milli-mədəni köklərindən uzaqlaşdıraraq ərəb mədəniyyəti istiqamətində kimliksiz fərdlər yetişdirməyə çalışırlar. Eyni şəkildə, Rusiyada fəaliyyət göstərən bəzi radikal pravoslav çevrələr də türklərin sıx yaşadığı bölgələrdə fərqli mədəni təsirlər formalaşdırmağa cəhd göstərirlər.
Din adı altında həyata keçirilən və türk xalqlarını milli kimliyindən uzaqlaşdırmağı hədəfləyən hər cür fəaliyyət mədəni və dini assimilyasiya xarakteri daşıyır. Bu səbəbdən aidiyyəti qurumlarımızın lazımi tədbirləri görməsi böyük əhəmiyyət daşıyır. Bu arada, bu təhlükəni əsrlər öncədən görən təkcə Azərbaycanın deyil, bütün İslam coğrafiyasının böyük mütəfəkkiri Mirzə Ələkbər Sabiri də rəhmətlə anıram. Məkanı cənnət olsun.
Bu səbəbdən aşağıda sadalayacağım məsələlərin vaxt itirilmədən həyata keçirilməsi vacibdir. Bu çağırış Amerikadan Yakutiyaya, Əfqanıstandan Çuvaşıstana qədər 35 fərqli bölgədən gələn 80 təşkilata mənsub 300 türk gəncinin ortaq iradəsini əks etdirir.
Türk Dünyası ölkələri Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər kimi regional böhranlarda bir-birindən ayrı deyil, koordinasiyalı şəkildə hərəkət etməlidir.
Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının strateji maraqları baxımından qiymətləndirilməli və xarici qüvvələrin nəzarətinə imkan verilməməlidir.
Şərqi Türküstan məsələsi Çinlə münasibətlərdə nəzərdən qaçırılmayacaq diplomatik prioritet olmalıdır.

Şimali Kipr Türk Cümhuriyyətinin əvvəlcə Türk Dövlətləri Təşkilatına üzv ölkələr, daha sonra isə beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün ortaq strategiyalar hazırlanmalı, TDT üzvü dövlətlər bu prosesi gecikdirmədən başlamalıdır.
Türk dövlətləri dünyəvilik və xalq iradəsi əsasında ortaq hüquq normalarını gücləndirməli, xarici müdaxilələrdən müstəqil daxili sülh mexanizmləri formalaşdırmalıdır. TDT yumşaq güc vasitələrindən istifadə edərək Türk Dünyasının sülhsevər və mədəni mövqeyini dünya ictimaiyyətinə daha təsirli şəkildə çatdırmalıdır.

Fənər Rum Patriarxlığının fəaliyyəti Türkiyə Cümhuriyyətinin suveren hüquqları və Lozanna Müqaviləsi çərçivəsində qiymətləndirilməlidir. Fatih Kaymakamlığına bağlı məhdud səlahiyyətli dini qurum olan bu struktura hüquqi sərhədləri yenidən xatırladılmalıdır.
Ortaq logistika xətləri, gömrük modernizasiyası və İnkişaf Yolu Layihəsinin inteqrasiyası təcili gündəm maddələri sırasında yer almalıdır. Üzv ölkələr arasında hüquqi uyğunluq, məhkəmə müstəqilliyi və ədalətli mühakimə standartları ortaqlaşdırılmalıdır.
E-viza və biometrik pasport inteqrasiyası ortaq texniki protokollarla tətbiq edilməlidir.
Ortaq əlifba prosesi sürətləndirilməli, ortaq dil əsasında mədəni və akademik nəşrlər dəstəklənməlidir.

Türk ailə quruluşunun qorunmasına yönəlik sosial və mədəni siyasətlər gücləndirilməlidir. Fərdi azadlıq adı altında insan təbiətinə uyğun olmayan cinsi yönümlərin və birlikteliklərin, xüsusilə uşaqlar və gənclər arasında təbliğat və təşkilati fəaliyyətlər vasitəsilə təşviq olunması və legitim göstərilməsi qəti şəkildə qarşısı alınmalıdır.
Hökumətlər beynəlxalq balansları nəzərə almaq məcburiyyətində olduqları üçün bu hədəfləri həyata keçirməkdə zaman-zaman gecikə bilərlər. Məhz bu nöqtədə vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Beynəlxalq hüquq və diplomatik məhdudiyyətlər səbəbilə hərəkət sahəsi daralan dövlətlərimizi biz sahədə gördüyümüz fəaliyyətlərlə dəstəkləməliyik.

Şimali Kiprdə Türk Dünyasının müxtəlif bölgələrindən gələn minlərlə tələbə təhsil alır. Bu il müstəqillik günlərini bu gənc qardaşlarımızla birlikdə qeyd edəcəyik. Sizi də bu coşğunu paylaşmağa dəvət edirik. Gəlin, Türk Dünyası gəncliyinin qardaşlıq mesajını Kiprdən bütün dünyaya birlikdə çatdıraq.

Buradakı ən böyük şansımız Türk Dünyasını yaxından tanıyan və türkçülük sevgisi ilə hərəkət edən bir Baş katibə sahib olmağımızdır. Uzun illərdir Türk Dünyası üçün çalışan hörmətli Azər bəyin rəhbərliyi ilə bu hərəkatın uğur qazanacağına inamımız tamdır. Bu səbəbdən onun səlahiyyət müddətinin TÜRKSOY, TÜRKPA, Türk Akademiyası və TDT kimi qurumlarda olduğu kimi 5 ilə uzadılmasını və 2030 Vizyonuna birlikdə yürüməyi təklif edirik.

Bizi burada bir araya gətirən dəyərli millət vəkilimizə və hörmətli Baş katibimizə təşəkkürümü bildirirəm. Türk Dünyası vizyonunuzu uzun illərdir izləyirik və bu vizyonun gələcəyə istiqamət verəcəyinə ürəkdən inanırıq.

Türk Dünyası keçmişin bir xatirəsi deyil, gələcəyin güclü vədidir. 2025–2030 vizyonu bu vədi gerçəyə çevirəcək yol xəritəsidir.

Sözlərimin sonunda, 35 bölgədə yaşayan türk gəncliyi adından bu ifadələri tarixə qeyd etmək istəyirəm:

“Biz türk gəncliyi olaraq, kökləri dərin, vizyonu geniş bir dünyanın övladlarıyıq. Bu dünya sülhün, ədalətin və məhsuldarlığın türkcə səsidir. 2030-a gedən hər addımımız bu səsi yer üzünə çatdırmaq əzmimizin ifadəsi olacaqdır.
Nə Mutlu Türküm Deyənə".



Sizin reklam burada
Sizin reklam burada