Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komitəsinin 66-cı sessiyası Gürcüstanın Borjomi şəhərində baş tutub.
News365.az xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu iclasın əsas mövzusu Qara dəniz regionunda dayanıqlı sosial-iqtisadi inkişafda süni intellektin rolu olub.
Sessiyada Parlament Assambleyasına üzv ölkələrin qanunvericiləri süni intellektin tətbiqi ilə bağlı hüquqi məsələləri və mövcud təcrübələri müzakirə ediblər.
Gürcüstanın nümayəndəsi İrakli Mezurnişvili bildirib ki, süni intellekt regional əlaqələri gücləndirə, dayanıqlı resurs idarəsini və innovasiyaya əsaslanan artımı təkmilləşdirə bilər. O, həmçinin Gürcüstanın milli süni intellekt strategiyasının hazırlanmaqda olduğunu və yeni texnologiyaların insanlara xidmət etməsini əsas məqsəd kimi müəyyən etdiyini vurğulayıb.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili isə süni intellektin iqtisadi artım və məlumat infrastrukturu sahəsində önəmini qeyd edib, Gürcüstanın əlverişli enerji və iqlim resurslarının bu transformasiyada mühüm rol oynadığını bildirib.
İclasda Gürcüstan, Yunanıstan, Rumıniya, Türkiyə, Bolqarıstan və Azərbaycanın parlament üzvləri yekun qətnamənin hazırlanması üçün tövsiyə layihələrini müzakirə edib və komitənin növbəti iclasının keçirilməsi ilə bağlı qərarlar qəbul olunub.