Rusiya müharibənin əvvəlində böyük üstünlükdə olduğunu düşünürdü, lakin bu, hərbi-siyasi kəşfiyyatın Vladimir Putinə təqdim etdiyi yanlış məlumatların nəticəsi idi.
Bu barədə politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi Ukraynanın qısa müddətdə zəbt ediləcəyini və Kiyevdə hakimiyyətin dəyişəcəyini gözləyirdi:
“Rusiya bu müharibənin qısa zamanda bitəcəyinə inanırdı. Hətta Kiyevin fəthi və Ukraynada yeni hökumətin qurulması planlaşdırılırdı. Amma bu baş vermədi.”
Politoloq qeyd edib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın son dönəmlərdə aktivləşməsi təsadüfi deyil və bu, müəyyən mənada Putinlə əvvəlki razılaşmaların davamı ola bilər:
“Tramp hakimiyyətə gələndə Ukrayna məsələsinin tez həll olunacağına inanırdı. İndi Putin ona cavab olaraq deyə bilər ki, siz də qısa müddətdə müharibəni bitirəcəyinizi demişdiniz, amma nəticə yoxdur.”
Aydın Quliyev əlavə edib ki, avqust ayında Tramp və Putin arasında keçirilən görüş konkret nəticə verməsə də, ABŞ tərəfi bu nəticəsizliyi ört-basdır etmək və diqqəti başqa istiqamətə yönəltmək üçün Yaxın Şərqdə fəallığını artırmağa başlayıb:
“Həmin görüşdən sonra ABŞ-ın bölgədəki hərbi-siyasi aktivliyi artdı. Bu, həm də görüşün nəticəsizliyini kompensasiya etmək cəhdi kimi görünür,” – politoloq bildirib.