Pentaqon rəhbərinin keçmiş köməkçisi Stiven Brayan diqət çəkən fikirlər səsləndirib. O, "Weapons and Strategy" üçün yazdığı məqaləsində bildirib ki, Ukrayna tərəfinin Amerika istehsalı olan ATACMS raketlərindən istifadə etməsi Rusiya ilə sülh danışıqlarını qeyri-mümkün edəcək.
Ekspertin fikrincə, ABŞ prezidenti Cozef Bayden münaqişəni uzatmaq və Ağ Evin yeni seçilmiş rəhbəri Donald Trampın sövdələşməni demək olar ki, mümkünsüz etmək niyyətindədir.
Xatırladaq ki, “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər.
ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols isə noyabrın 19-da “O Globo” nəşrinə müsahibəsində qərarı rəsmən təsdiqləyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.