Yeniyetməlik dövrü ilə bağlı valideynlərə vacib mesaj

Yeniyetməlik dövrü ilə bağlı valideynlərə vacib mesaj
12:00

Yeniyetməlik insan həyatının ən mühüm keçid mərhələlərindən biridir. Bu dövrdə uşağın yalnız xarici görünüşü deyil, hormonal sistemi, emosional vəziyyəti və gələcək reproduktiv sağlamlığının təməli də formalaşır. Valideynlər isə çox zaman yeniyetmənin yaşadığı dəyişikliklərin hansı həddə normal olduğunu, hansı hallarda həkimə müraciət edilməsinin vacib sayıldığını bilmirlər.

Menstruasiya pozuntuları, ağrılı aybaşı, hormonal dəyişikliklər, sızanaqlar, oğlanlarda cinsi yetkinliyin gecikməsi və digər hallar valideynlər üçün narahatlıq yarada bilər. Bəs yeniyetməlik dövründə orqanizmdə hansı dəyişikliklər baş verir və reproduktiv sağlamlığın qorunması üçün nələrə diqqət edilməlidir?

Bu və digər sualları Ginekoloq Leyla Allahverdiyeva News365.az-a cavablandırıb.

– Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri nələrdir və bu mərhələdə reproduktiv sağlamlıq necə formalaşır?

– Yeniyetməlik dövrü insan həyatında fiziki, emosional, sosial və intellektual inkişafın sürətləndiyi mühüm mərhələdir. Bu zaman hormonal sistem aktivləşir, cinsi yetkinlik prosesi başlayır və orqanizmin müxtəlif funksiyaları tədricən formalaşır.

Reproduktiv sağlamlıq da məhz bu mərhələdə xüsusi əhəmiyyət qazanır. Həm qızlarda, həm də oğlanlarda yetkinlik əlamətləri meydana çıxır və gələcək sağlamlığın əsası qoyulur.

Hormonal dəyişikliklər bəzən əhval-ruhiyyənin dəyişməsi, özünəinamla bağlı problemlər və sosial münasibətlərdə həssaslıqla müşayiət oluna bilər. Buna görə yeniyetmənin düzgün tibbi məlumat əldə etməsi, şəxsi gigiyena və sağlam həyat tərzi barədə maarifləndirilməsi vacibdir.

Valideyn və müəllim dəstəyi, eləcə də zəruri hallarda peşəkar tibbi nəzarət yeniyetmənin həm fiziki, həm də psixoloji inkişafının sağlam istiqamətdə getməsinə kömək edir. Balanslı qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik də hormonal tarazlığın qorunmasında mühüm rol oynayır.

Əslində reproduktiv sağlamlıq yalnız xəstəliklərin olmaması demək deyil. Yeniyetmənin öz bədənində baş verən dəyişiklikləri anlaması, onları düzgün qəbul etməsi və gələcəkdə məsuliyyətli qərarlar verə bilməsi də bu anlayışın mühüm hissəsidir.

– Yeniyetməlik dövründə orqanizmdə hansı fiziki dəyişikliklər baş verir?

– Bu mərhələdə bədəndə baş verən dəyişikliklər yetkinliyə keçidin təbii göstəriciləridir. Hormonların səviyyəsinin yüksəlməsi boy artımını sürətləndirir, bədən quruluşu dəyişir, dəridə yağlanma və sızanaqlar yarana bilər. Həm qızlarda, həm də oğlanlarda müxtəlif nahiyələrdə tüklənmə artır.

Qızlarda hormonal dəyişikliklərin əsas göstəricilərindən biri menstruasiyanın başlamasıdır. Bununla yanaşı, süd vəziləri inkişaf edir, çanaq genişlənir, yumurtalıqların fəaliyyəti aktivləşir və reproduktiv sistem tədricən yetkinləşir.

Oğlanlarda isə testosteronun səviyyəsinin artması səsin qalınlaşmasına, əzələ kütləsinin artmasına və çiyinlərin enlənməsinə səbəb olur. Cinsiyyət orqanları inkişaf edir və sperma istehsalı başlayır.

Bu dəyişikliklərin hər bir yeniyetmədə eyni vaxtda və eyni sürətlə baş verməsi gözlənilmir. Fiziki inkişaf tempi həmyaşıdlarından fərqli olan yeniyetmələrdə narahatlıq və özünəinam problemləri yarana bilər. Ona görə də uşağa bu dəyişikliklərin yetkinləşmənin təbii hissəsi olduğu izah edilməlidir.

– Yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı ən çox hansı problemlərə rast gəlinir?

– Qızlarda daha çox menstrual siklin nizamsızlığı, ağrılı menstruasiya və hormonal pozuntular müşahidə edilir. Menstruasiyanın başladığı ilk illərdə siklin qeyri-müntəzəm olması müəyyən hallarda hormonal sistemin formalaşması ilə əlaqəli ola bilər.

Lakin şiddətli və davamlı ağrılar, həddindən artıq qanaxma, uzunmüddətli menstruasiya gecikmələri və ya siklin normadan əhəmiyyətli dərəcədə qısa olması həkim müayinəsini zəruri edir.

Yeniyetməlik dövründə polikistik yumurtalıq sindromu, qalxanabənzər vəzinin fəaliyyətində problemlər və digər endokrin pozuntular da üzə çıxa bilər.

Oğlanlarda isə cinsi yetkinliyin həddindən artıq erkən və ya gec başlaması, hormonal dəyişikliklər, xayaların inkişafı ilə bağlı problemlər, varikosel, iltihabi proseslər və infeksiyalar müşahidə oluna bilər.

Hormonal dəyişikliklərin fonunda sızanaqlar, həddindən artıq tərləmə və bədən qoxusunun dəyişməsi də yeniyetmələrdə narahatlıq yaradan hallardandır. Bəzi oğlanlarda süd vəzilərinin müvəqqəti böyüməsi – ginekomastiya da müşahidə edilə bilər. Bu hal bir çox hallarda fizioloji xarakter daşıyır.

– Reproduktiv sağlamlığın qiymətləndirilməsi üçün yeniyetmələr hansı müayinələrdən keçməlidirlər?

– Müayinələr bütün yeniyetmələr üçün eyni olmur. Yaş, inkişaf xüsusiyyətləri və mövcud şikayətlər nəzərə alınaraq fərdi yanaşma tətbiq edilir.

İlkin mərhələdə həkim konsultasiyası və anamnezin toplanması aparılır. Fiziki inkişaf qiymətləndirilərkən boy, çəki, bədən kütlə indeksi və ikincili cinsi əlamətlərin inkişaf səviyyəsi nəzərdən keçirilir.

Zərurət olduqda ümumi qan analizi, hormonal müayinələr və digər laborator testlər təyin edilə bilər. Göstərişə uyğun olaraq çanaq orqanlarının ultrasəs müayinəsindən – USM-dən də istifadə olunur. Bu müayinə reproduktiv orqanların inkişafını və mümkün struktur dəyişikliklərini qiymətləndirməyə imkan verir.

Müəyyən hallarda cinsi yolla ötürülən infeksiyalarla bağlı skrininq müayinələri də aparıla bilər. Profilaktik tədbirlər sırasında isə HPV peyvəndi də tövsiyə oluna bilər.

Xüsusilə uzunmüddətli menstrual pozuntular, şiddətli ağrılar, qeyri-adi ifrazatlar, eləcə də cinsi yetkinliyin çox erkən və ya gec başlaması kimi hallar müşahidə edilərsə, həkimə müraciət etmək vacibdir.

– Yeniyetmələrdə hormonal və cinsi inkişaf necə izlənilir?

– Hormonal və cinsi inkişaf mərhələli şəkildə qiymətləndirilir. Təxminən 10-13 yaş dövründə cinsi yetkinliyin ilkin əlamətləri meydana çıxır. Qızlarda süd vəzilərinin inkişafı və menstruasiyanın başlaması, oğlanlarda isə xarici cinsiyyət orqanlarının inkişafı və testosteron səviyyəsinin yüksəlməsi müşahidə olunur.

14-16 yaş aralığında boyun sürətlə uzanması, əzələ kütləsinin artması, dəridə yağlanma və akne kimi dəyişikliklər daha nəzərəçarpan olur. Bu dövrdə emosional və psixoloji dəyişikliklər də müşahidə edilə bilər.

17-19 yaşlarında isə cinsi sistemin formalaşması əsasən tamamlanır və hormonal sabitlik artır.

Bu mərhələlər ərzində pediatr, ginekoloq, endokrinoloq və digər mütəxəssislər zərurət yarandıqda yeniyetmənin fiziki inkişafını, hormonal göstəricilərini və cinsi yetkinlik səviyyəsini qiymətləndirirlər. Burada psixoloji və sosial uyğunlaşmanın da nəzərə alınması vacibdir.

– Reproduktiv sağlamlığın qorunması üçün yeniyetmələrə və valideynlərə hansı tövsiyələri verərdiniz?

– İlk növbədə sağlam həyat tərzinə diqqət yetirmək lazımdır. Balanslı qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik yeniyetmə orqanizminin inkişafı üçün vacibdir.

Vitamin və mineral balansının qorunması, stressin düzgün idarə edilməsi və zərərli vərdişlərdən uzaq durmaq da sağlamlığın əsas şərtlərindəndir.

Şəxsi gigiyena qaydalarına əməl etmək, qızların menstrual sağlamlıq barədə düzgün məlumatlandırılması və bədəndə baş verən dəyişikliklərin normal inkişaf prosesinin bir hissəsi olduğunun izah edilməsi mühüm əhəmiyyət daşıyır.

Valideynlər isə yeniyetmənin suallarına utanmadan və mühakimə etmədən cavab verməlidirlər. Uşağın bədənində baş verən dəyişikliklərlə bağlı narahatlığı varsa, onu qorxutmaq və ya problemi kiçiltmək əvəzinə, mütəxəssisə müraciət etmək daha doğru yanaşmadır.

Əsas məqsəd yeniyetmənin öz sağlamlığına məsuliyyətlə yanaşmasını təmin etməkdir. Reproduktiv sağlamlıqla bağlı düzgün maarifləndirmə və vaxtında tibbi nəzarət gələcəkdə bir sıra problemlərin qarşısının alınmasına kömək edə bilər.


Sizin reklam burada
Sizin reklam burada