Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək. Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq.
Bu prosesin 2027-ci ildə yekunlaşacağı və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyi bildirilir.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, dünyanın əksər ölkələrində pensiya yaşının artırılması məsələsi ictimai müzakirələrə səbəb olur:
"Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Belə ki, bəzi sosial qruplar üçün pensiya yaşının aşağı salınması sərfəli olmaya bilər. Xüsusilə dövlət sektorunda çalışanlar üçün bu məsələ fərqli məna daşıyır. Dövlət sektorunda çalışan insanların maaşları pensiya məbləğindən 2-3 dəfə yüksəkdir. Bu səbəbdən onların pensiyaya çıxmağa marağı daha azdır. Azərbaycanda pensiya yaşının artırılmasına narazılıq bildirənlər daha çox dövlət qulluğunda, hərbiləşdirilmiş sahələrdə çalışan şəxslər və sosial sığorta fondunda minimum normanı, yəni 46 min manatı dolduran insanlardır".
İqtisadçının sözlərinə görə, bu kateqoriyaya daxil olan şəxslər ümumi təqaüdə çıxan insanların təxminən 10 faizini təşkil edir:
"Hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 63-dür. 2027-ci ilə qədər qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması nəzərdə tutulur. Bu artım bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da pensiya sisteminin uzunmüddətli dayanıqlılığını təmin etmək məqsədi daşıyır. Bununla belə, yaş həddinin yüksək olması ağır fiziki işlərdə çalışan insanlar üçün çətinliklər yaradır. Xüsusilə tikinti, kənd təsərrüfatı və digər ağır sahələrdə işləyən vətəndaşlar bu yaşda pensiyaya çıxmağın onların sağlamlığı üçün problemlər yaradacağını bildirirlər".
İqtisadçının fikrincə, Azərbaycanda əsas müzakirə olunmalı olan məsələ pensiya yaşından çox, təqaüd məbləğinin aşağı olmasıdır: "Pensiya məbləğinin kifayət qədər olmaması səbəbindən insanlar əmək fəaliyyətlərini davam etdirməyə üstünlük verirlər. Bu isə ölkədə əmək bazarında yaşlı insanların sayının artmasına və gənc işçi qüvvəsinin iş tapmaqda çətinlik çəkməsinə səbəb ola bilər".
Ekspertin vurğuladığı digər vacib məqam isə sosial sığorta fondunun dayanıqlılığıdır. O hesab edir ki, Pensiya məbləğinin artırılması, fərdi yığım sisteminin təkmilləşdirilməsi və sosial təminatın gücləndirilməsi bu sahədə əsas prioritetlərdən biri olmalıdır.