Ermənistan yenidən gündəmə manipulyativ mövzular gətirməyə çalışır. Bu dəfə söhbət anklavlardan gedir. Rəsmi İrəvan Başkənd məsələsini qabardaraq öz ictimaiyyətini aldatmağa, beynəlxalq müstəvidə isə yeni tələblər irəli sürməyə cəhd edir. Halbuki, anklav məsələsi beynəlxalq hüquq normaları və tarixi faktlar çərçivəsində tamamilə Azərbaycanın xeyrinə həll olunacaq bir mövzudur. Ermənistansa daxildəki siyasi böhranı ört-basdır etmək üçün bu kartı masaya atır.
Məsələ ilə bağlı siyasi təhlilçi Rasim Musabəyov News365.az-a açıqlamasında deyib:
“Paşinyan yada salmalı idi ki, Azərbaycanın da dörd anklavı Ermənistanın nəzarətindədir. Və həmin anklavların əraziləri Başkənddən daha böyükdür. Üçü Qazax rayonunda, biri isə Naxçıvanın Kərki kəndində yerləşir. Ona görə də indi mövqeləri möhkəmləndirmək üçün demək lazımdır ki, paytaxt məsələsini ortaya atmaq sadəcə problem yaradır. Əgər hər kəsin anklavları özünə qaytarılmalıdırsa, onda həmin ərazilərə yol da çəkilməlidir. Bu isə problemdir. Ona görə də hansısa formada ərazi mübadiləsi baş verəcək. Hər bir halda bu məsələ sərhədlərin delimitasiyası zamanı öz həllini tapacaq. Mən düşünmürəm ki, bu məsələni indi şişirtməyə ehtiyac var. Başqa məsələlər var ki, onların həlli daha vacibdir və onlar prioritet olmalıdır.”
Tarixi saxtalaşdırmaqla həqiqət gizlədilə bilməz. Anklavlar məsələsində də ədalət birdir, o da Azərbaycanın tərəfindədir. Ermənistanın qurduğu isə illuziyadan başqa bir nəsnə deyil və keçib gedəcəyi birmənalıdır. Geriyə qalan gerçəklik olacaq ki, onun nəticəsi isə sülh olmalıdır və olacaq da.