Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələ: siyasi iradə yaxınlaşmanı sürətləndirir

Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələ: siyasi iradə yaxınlaşmanı sürətləndirir
09:35

Azərbaycan və Ermənistan arasında münasibətlərdə yaxınlaşma prosesinin yeni mərhələsi başlayır. Bu barədə politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, hazırkı proseslər iki ölkə arasında münasibətlərin inkişafında yeni addım kimi qiymətləndirilməlidir və bu, ilk növbədə dövlət başçılarının siyasi iradəsinin nəticəsidir. 

O qeyd edib ki, liderlər müxtəlif platformalarda bir neçə dəfə görüşüb, xüsusilə ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar bu prosesə təkan verib.

Politoloq vurğulayıb ki, əldə olunan razılaşmalar fonunda artıq tranzit yüklərin, o cümlədən neft məhsullarının Ermənistana göndərilməsi həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycan açıq şəkildə bəyan edir ki, Ermənistan müəyyən şərtlərə əməl edəcəyi təqdirdə – buraya parlament seçkiləri dövründə atılacaq addımlar, konstitusiya dəyişiklikləri və digər məsələlər daxildir – iki ölkə arasında ticarət, iqtisadi və siyasi əlaqələrin daha yüksək səviyyədə inkişafı mümkündür.

Fikrət Sadıqov əlavə edib ki, bu əməkdaşlıq həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verir. O hesab edir ki, regionda sülh və təhlükəsizliyin təmin olunması əsas prioritetdir və artıq Yerevandakı siyasi elita da bu reallığı daha aydın şəkildə dərk edir.

Ekspertin fikrincə, son səfərlər və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yaxınlaşmasının yeni mərhələyə keçdiyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada