"Paşinyan və Simonyan arasında balans pozularsa, “Vətəndaş müqaviləsi” parçalanma ilə üzləşə bilər"
Politoloq Züriyə Qarayeva “News365.az”a açıqlamasında bildirib ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında yaranan daxili dinamika həm müsbət, həm də riskli tendensiyaları özündə birləşdirir.
Onun sözlərinə görə, Alen Simonyanın son aylarda artan siyasi fəallığı partiyanın ideoloji baxımdan yenilənməsinə, yeni simaların önə çıxmasına şərait yaradır:
“Uzun müddət Paşinyanın liderliyinə söykənən partiya indi daha rəqabətli mühit formalaşdırır. Bu, sağlam siyasi mədəniyyətin inkişafı baxımından müsbət addımdır. Ancaq proses idarəedilməz hal alarsa, daxildə parçalanma riski də mövcuddur.”
Ekspert hesab edir ki, Paşinyan və Simonyan arasında siyasi balansın qorunması Ermənistan siyasətində sabitliyin əsas amilidir:
“Əgər münasibətlər konsensus üzərində davam edərsə, seçkilərdən sonra daha güclü hökumət formalaşa bilər. Amma şəxsi ambisiyalar ön plana keçərsə, bu, müxalifətin güclənməsinə və daxili böhrana gətirib çıxara bilər.”
Züriyə Qarayeva vurğulayıb ki, qarşıdakı seçkilər Ermənistan üçün sadəcə hakimiyyət yarışı deyil, həm də siyasi mədəniyyətin formalaşması baxımından ciddi sınaq olacaq.