"Azərbaycan və Pakistan arasında həm qlobal, həm də regional məsələlərdə oxşarlıqlar əsasında formalaşan güclü əlaqələr mövcuddur. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra onu Türkiyə və Rumıniyadan sonra üçüncü olaraq tanıyan ölkə Pakistan olub. Azərbaycan və Ermənistan arasında gərginlik və müharibə dövründə, eləcə də bu günə qədər Pakistanın Ermənistanda, Ermənistanın isə Pakistanda səfirliyi mövcud deyil. Hər bir tərəfdən beynəlxalq səviyyədə bir-birini dəstəkləyən dövlətlərik."
Milli Məclisin deputatı Arzu Nağıyev bunu News365.az-a açıqlamasında deyib.
"Ümummilli Lider Heydər Əliyev 1996-cı ildə Pakistana rəsmi səfər etmiş və bu zaman iki ölkə arasında 9 sənəd imzalanmışdır. Azərbaycan və Pakistan prezidentləri beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsində qarşılıqlı dəstəklərini bəyan ediblər. Bu gün iki ölkə arasında iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə əməkdaşlıq mövcuddur. Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasət nəticəsində Pakistan Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevrilib.
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və hərbi sahədə də əməkdaşlıq uğurla davam edir. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələlərini mütəmadi müzakirə edir və bu istiqamətdə ciddi addımlar atılır. Bunlara şəxsi heyət mübadiləsi, birgə hərbi təlimlər, informasiya mübadiləsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi daxildir. Xüsusilə, hərbi hava qüvvələri sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Azərbaycanın müasir təlim və döyüş təyyarələri alması istiqamətində Pakistan Aeronavtika Kompleksi ilə ölkə tarixində ən böyük müqavilələrdən biri imzalanıb.
44 günlük Vətən müharibəsi dövründə Pakistan Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmiş, həm siyasi, həm də mənəvi baxımdan daim Azərbaycanın yanında olmuşdur. Hazırda Pakistanın Baş nazirinin Azərbaycana səfəri və hər iki ölkə liderlərinin yüksək səviyyəli görüşləri bir daha təsdiq edir ki, Pakistan Azərbaycanın ən mühüm və etibarlı tərəfdaşlarından biridir."