Qərbi Azərbaycana – Dərələyəzə qayıdış - tədbiri keçirilib

Qərbi Azərbaycana – Dərələyəzə  qayıdış - tədbiri keçirilib
23 Fev 2025 23:30

Sumqayıtda Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı Rayon İstisu İcmasının möhtəşəm tədbiri keçirildi.

News365.az xəbər verir ki, 23 fevral 2025-ci il tarixində Sumqayıt şəhərinin “Sevgilim” şadlıq sarayında Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı Rayon İstisu İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı möhtəşəm tədbir keçirildi. Bu tədbir, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın birliyini gücləndirmək, onların doğma torpaqlara qayıdışına mənəvi dəstək vermək və tarixi yaddaşı qoruyub saxlamaq məqsədilə təşkil olunmuşdu.
Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri, ictimai xadimlər, elm adamları, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və digər qonaqlar iştirak edirdi.
Tədbirin əsas hissəsi başlamazdan əvvəl qonaqlar “İstisu xatirələrdə” adlı sərgi ilə tanış oldular. Sərgidə İstisu bölgəsinin zəngin tarixi, burada yaşamış soydaşlarımızın keçmişini əks etdirən nadir fotolar, arxiv sənədləri, xatirə əşyaları və digər eksponatlar yer almışdı. Bu sərgi, deportasiya olunmuş insanların yaddaşında yaşayan doğma torpaqlara aid izləri canlandırmaq və gələcək nəsillərə ötürmək məqsədilə təşkil edilmişdi.
Tədbirin aparıcısı Həsən Əhmədov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı. Rəsmi açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin rəsmi açılışını İstisu İcmasının sədri Alı Safolu (Alıyev) edərək qonaqları səmimi salamladı. O, çıxışında Qərbi Azərbaycanın qədim tarixinə nəzər salaraq, bu torpaqların həmişə Azərbaycan xalqının ayrılmaz bir hissəsi olduğunu vurğuladı. Alı müəllim Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, xüsusilə də Paşalı Rayon İcmasının gördüyü işlərə geniş yer ayıraraq onların təşkil etdiyi tədbirlərin, sosial layihələrin və diaspor fəaliyyətinin əhəmiyyətindən danışdı. Alı müəllim çıxışında Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərliyə və Paşalı Rayon İcmasının sədri Faiq Xudayevə icmanın fəaliyyətinə verdikləri dəstəyə görə xüsusi minnətdarlığını bildirdi.
Tədbirin bədii hissəsi xalq musiqiləri və milli rəqslərlə davam etdi. Milli ruhun qorunması və birliyimizin möhkəmlənməsi baxımından bu hissə tədbir iştirakçılarında xüsusi təəssürat yaratdı. Daha sonra çıxışlara start verildi.
İlk olaraq İstisu İcmasının ağsaqqalı Yusif müəllim söz aldı. O, Qərbi Azərbaycan məsələsinin yalnız tarixi bir mövzu olmadığını, bu məsələnin milli kimliyimiz və gələcəyimiz üçün həyati əhəmiyyət daşıdığını vurğuladı. Daha sonra Paşalı Rayon İcmasının sədri Faiq Xudayev çıxış edərək, Qərbi Azərbaycana qayıdış ideyasının reallığa çevrilməsi üçün diaspor təşkilatlarının daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd etdi. Faiq Xudayev Paşalı Rayon İcması tərəfindən İstisu İcmasında fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olundu.
Keşkənd İcmasının sədr müavini Məhəmməd Rəsuloğlu, Gomur kənd İcmasının sədri Bəxtiyar Həsənov, Herher İcmasının sədri Afaq Sadıqova, Arınc İcmasının sədri Nigar Həsənova və eyni zamanda “Dərələyəz” qəzetinin redaktoru Raqub Kamal geniş çıxış edərək qayıdışımızın reallaşması istiqamətində daha da mübariz olmağın vacibliyini diqqətə çatdırdılar.Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, İstisu İcmasının sədr müavini Şamil Alıyev və digər ictimai xadimlər İstisu İcmasının gördüyü işlərin mühüm əhəmiyyətini vurğuladılar.
Daha sonra Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, İstisu İcmasının sədr müavini Şamil Alıyev və digər çıxışçılar İstisu İcmasının gördüyü işlərin önəmindən danışdılar.
Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev çıxış edərək, İstisu İcmasının Qərbi Azərbaycana qayıdış ideyasına verdiyi töhfəni yüksək qiymətləndirdi. O, İstisu İcmasının birliyinin və təşkilatçılıq bacarığının Qərbi Azərbaycan hərəkatının öncüllərindən olduğunu vurğuladı. Eyni zamanda, Terp kənd icmasının və onun sədri Ceyhunə Şirəliyevanın fəaliyyətini də alqışlayaraq, onların Qərbi Azərbaycan uğrunda apardıqları mübarizənin təqdirəlayiq olduğunu bildirdi.
İsmayıl Ağayev çıxışının sonunda İstisu İcmasının sədri Alı Alıyevə Beynəlxalq Diaspora Mərkəzinin adından xüsusi təşəkkürnamə və plaket təqdim etdi. Daha sonra Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin rəhbəri, professor Azər Kərimovun təbrik mesajı tədbir iştirakçılarına çatdırıldı.
Tədbirin sonunda İstisu İcması tərəfindən şəhid valideynlərinə xüsusi təşəkkürnamələr təqdim olundu. Bu təşəkkürnamələr şəhid ailələrinə olan ehtiramın bir ifadəsi olmaqla yanaşı, onların cəmiyyətin diqqətində olduğunu göstərirdi.
Eyni zamanda, İstisu İcmasının fəal üzvləri də gördükləri işlərə görə təltif edildilər. Tədbir iştirakçıları üçün təşkil olunan musiqi proqramı isə mərasimin xoş bir abu-hava ilə yekunlaşmasına şərait yaratdı.
Sonda xatirə şəkilləri çəkdirilərək, bu tarixi gün yaddaşlara həkk olundu.
Beləliklə, “Qərbi Azərbaycana – Dərələyəzə (İstisuya) qayıdış” adlı tədbir həm tarixi məqamların vurğulandığı, həm də gələcəyə ümid dolu baxışın sərgiləndiyi bir toplantı kimi yadda qaldı.


Sizin reklam burada
Sizin reklam burada