Pakistan XİN: Hindistana zərbələr müdafiə xarakteri daşıyır

Pakistan XİN: Hindistana zərbələr müdafiə xarakteri daşıyır
08:45

Pakistan ordusunun Hindistan ərazisinə endirdiyi zərbələr müdafiə xarakteri daşıyır. Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Geo TV-nin efirində bildirib. 

"Pakistan Silahlı Qüvvələri son regional gərginlik fonunda yüksək döyüş hazırlığı vəziyyətindədir. Regional gərginliklər fonunda tam hazır haldadır. Son hərbi cavab sırf müdafiə xarakteri daşıyırdı", - nazir qeyd edib.

Pakistanın baş diplomatı onu da deyib ki, beynəlxalq ictimaiyyət Hindistanı buraxdığı səhvlərinin ciddiliyini dərk etməyə məcbur etməlidir.

Bundan əvvəl Pakistanın Hindistanın hücumlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlara başladığı məlum olub. Əməliyyata "Bunyan-um-Marsus" adı verilib.

Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.

22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada