Törətdiyi cinayətlərə görə Azərbaycanda mühakimə olunan Ruben Vardanyanın oğlu atasının guya xristian olduğu üçün həbs edildiyini yazıb.
Ruben Vardanyanın, Azərbaycan torpaqlarında elan etdikləri qondarma rejimin başında duranlardan biri kimi törətdiyi cinayətlər faktdır və buna görə də mühakimə olunur. O, bu saat müsəlman olduğunu elan etsə də, lap elə məhbəsdə namaza başlasa da heç nə dəyişməyəcək. Heç kəs dininə, inancına görə
məsuliyyətə alınmır, dinindən, irqindən asılı olmayaraq yalnız törədiyi qanunsuz əməllərə, cinayətlərə görə cavab verməli olur.
Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Bunu təkcə müsəlman ölkələri deyil, elə xristian ölkələrinin özü də etiraf edir. Hətta ölkəmizdəki tolerantlıq, dinlər, dini konfessiyalar arasındakı ülvi, mədəni, mənəvi bağlar, təbii harmoniya çoxlarını heyrətə gətirir. Azərbaycanda nə dövlət səviyyəsində, nə də cəmiyyətimiz arasında əsla kiminsə dininə, irqinə, inancına görə ayrı-seçkiliyə məruz qalması halı yoxdur.
Lakin Ermənistanda bu tarixən də olub, indi də var. Ermənistan dövlət səviyyəsində, kilsənin təhriki ilə xalqımıza qarşı törətdiyi cinayətlərin masştabını böyütmək, daha çox təəssübkeş humayəçi tapmaq üçün təcavüzlərinə dini don geydirmək istəyib.
30 il qədim müsəlman irsi ilə yanaşı xristian, Alban abidələrini təhrif edərək dağıdan, xarab edən, bayquş yuvasına döndərən ermənilər deyildimi? Kilsələri, məscidləri təhqir edən, mal-heyvan tövləsinə çevirən, Alban irsinə xas işarələri, əlamətləri silib yerinə qondarma tarixlər yazan onlar deyildimi? Əlbəttə onlar idi. Bu, bütün dünyaya nümayiş etdirildi.
Bakının düz mərkəzində erməni kilsəsinin içindəki minlərlə kitabla birgə mühafizə olunması dövlətimizin, xalqımızın tolerantlığının bariz nümunəsidir. Ancaq İrəvanda məsdlərin dağıdılaraq təhqir olunmasına dair faktlar var. Bu yaxınlarda Təpəbaşı məsdinin şərab evinə çevrilməsi haqda təhqiredici video da yayılmışdı.
Ruben Vardanyanın hansı cinayətləri törətməsini özü də, oğlu da gözəl bilir. Erməni xislətinə sadiq qalaraq sadəcə böhtan və əsassız iddialarla kimlərinsə zənnini yanıltmağa çalışır.
Azərbaycanda dini zəmində, ələlxsus da xristian olduğuna görə heç kəs təqib olunmur, təzyiqə məruz qalmır, mühakimə olunmur. Əksinə ölkəmizdə insanlar bərabərhüquqlu şəkildə yaşayır, kilsələrə gedir, ibadətlərini icra edir, bayramlarını, ayinlərini, əlamətdar günlərini qeyd edirlər.
Ruben Vardanyan nə xristian olduğuna görə, nə də erməni olduğuna görə həbs edilməyib, o, cinayət törətdiyinə görə həbs edilib və digər cinayətkarlar kimi mühakimə edilir.
Dinini, törətdiyi cinayətlərə alət edən şəxs nə əsl müsəlman, nə də əsl xristian ola bilməz. Dünyada humanizmi, mədəni, müasir dəyərləri, mərhəməti, məhəbbəti tərənnüm edən bir dinin adını özünə qalxan, alət etmək dinə də, insanlığa da ən böyük xəyanətdir.
Tural İrfan, politoloq