Emin Əmrullayevin “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” sözləri geniş müzakirələrə səbəb olub. Qəribə bir tendensiya mövcuddur. Nazirin ağzından söz çıxan kimi bəzi təhsil ekspertləri və başqa sahələrin ekspertləri başlayırlar naziri mədh etməyə. Nazir bu sözləri niyə deyib? Niyə onun fikirləri paradokslarala çox zəngin olur? Əslində ekspertlər çox vaxt ictimai rəyi bilərəkdən çaşdırırlar. Çünki tapşırığı onlara
Elm və təhsil nazirliyi verir.
Müəllim peşəsi insanın təkmilləşməsinə yardımcı olmalıdır və bir sıra ambisioz məsələri qarşıya qoymalıdır: Professional bacarıqları inkişaf etdirmək, idrakı dərinləşdirmək, anlamağı genişləndirmək, hisslərin idarə olunmasını öyrətmək, digərinin nəzər-nöqtəsinə hörmətlə yanaşmaq və dürüst olmaq. Bütün bu dəyərləri formalaşdıran Ali təhsil sistemi mövcuddurmu? Yox. Bizim müəllimlər şagirdlərə test tapşırıqları öyrədirlər. Ən yüksək əməkhaqqı o müəllimə verilməlidir ki, o, şagird istedadını aşkarlayıb inkişaf etdirə bilir. Məktəb təhsili keyfiyyətli olsaydı repetitorluq bu qədər geniş vüsət almazdı. Demək, müəllimin həftəlik dərs saatlarını dövlət ödəyir. Repetitor xidmətini isə valideynlər. Digər tərəfdən, E. Əmrullayev dəqiq bilir ki, şagirdlər niyə məktəbdə öyrənmirlər? Bunu bilə-bilə ictimai rəyi çaşdırır, hədəfi isə müəllimdir. Əgər yuxarı sinif şagirdləri məktəbə gəlmirsə, onda sadə məntiqlə demək olar ki, öyrətmə prosesi kurslarda və evlərdə həyata keçirilir.
Bizim orta məktəb müəllimləri indiki dərsliklər və savadları ilə neçə istedadlı fizik, riyaziyyatçı, kimyaçı və bioloq yetişdiriblər. Müəllim beynəlxalq olimpiadalara düşən sulları həll edə bilmirsə, biliyə can atan şagirdi bu prosesə necə adaptasiya edə bilər? Müəllimlərdəki oxşar cəhətlər test tapşırıqlarını uşaqlara öyrətməklə bağlıdır. Fərqli cəhətlər o zaman ortaya çıxa bilər ki, onlar neçə istedadı üzə çıxarıb tədqiqatçı kimi yetişdirə biliblər. Çinli məşhur riyaziyyatçı Filds medalı laureatı Yau Şintun 80-dən çox riyaziyyatçıya məsələ verməklə onların alim kimi yetişməsinə nail olub. Həmin o 80 nəfər də növbəti nəsil riyaziyyatçıları yetişdirirlər.
Bizdə elmdə və təhsildə varislik prinsipi pozulub. Ali məktəb müəllimlərinin əksəriyyəti ötən əsrin 70-80-ci illərinin mühazirələrini indi də oxuyurlar. Orta məktəb müəllimləri isə çətin yazılmış dərsliklər və mütaliəsizlik ucbatından istedadları ortaya çıxara bilmirlər. Beləcə gəlib çatmışıq XXI əsrin 26-cı ilinə...
Etibar Əliyev, təhsil eksperti