Tutulan sənətçilərin “vinyetka”sı

Tutulan sənətçilərin “vinyetka”sı
13:35

Yadınızdadırsa, bir neçə il öncə Bakı şəhəri rayonlarının polis idarələri “patı” kimi məşhurlaşan narkotik maddənin (metamfetamin) satıcısı və alıcısı olan şəxsləri 30-30 cələkləyib içəri basırdılar. Az qala hər gün saytlarda narkotacirləein toplu şəkilləri dərc olunurdu – sanardın universitet məzunlarının vinyetkasıdır.

Sonra o cür “vinyetka”ların dərci get-gedə azaldı və bitdi. Bəlkə də ilyarımdır gözə dəymir. Bu, ya “patı” sənayesinin tam iflasa uğradılmasıyla bağlı oldu, ya da artıq bayırda narkotacir qalmayıb, hamısı içəridədir. Başqa məsələ də ola bilər. Daxili İşlər Nazirliyinin daxili işlərinə qarışmayaq. Axır ki, son illərdə narkotik maddə satanlarla bağlı kütləvi tutqu yoxdur.

Sözarası onu da qeyd edim ki, “patı” sexlərini ölkəmizdə din-məzhəb qardaşımız, gor qonşumuz İrandan gəlmiş işbazlar “ülvi məqsədlər”lə təsis etmişdilər, istəyirdilər gənclərimiz elliklə “patı”ya oturub kef eləsinlər.

Hazırda qardaş ölkə Türkiyədə, onun baş meqapolisi İstanbulda narkotik maddələrlə bağlı kütləvi tutqu var. Özü də saxlanılanların çoxu məşhur şəxslərdir – sənətçilər, idmançılar. “Vinyetka”nı qardaşlar düzəldir artıq.

Tutqular dalğa-dalğa olur. Artıq üç dalğa müşahidə olunub. İçəri aparılan sənətçi və idmançılardan analiz götürürlər, bəzilərini saxlayırlar, bəzilərini buraxırlar.

Belə anlaşılır ki, bu ölkənin sənət camiəsində qadağan olunmuş andırı heç olmasa bir dəfə “prob” eləməyən qalmayıb. Sanki sənətdə karyeraya başlamağın şərtlərindən biri də budur – narkotik maddə kullanmaq, türkün sözü.

Hələ yay aylarında bu motivlə tutulan sənətçilərin adları açıqlananda jurnalistlərdən biri məşhurların adlarını çəkərək demişdi ki, bu qədər hiperaktivliyin bir enerji bazası olmalıydı. Onun sözlərindən belə çıxırdı ki, ard-arda yeni mahnılar yazan, konsertlər verən, seriallara çəkilən, turnelərə çıxan, üstəlik, gecə həyatı yaşayan sənətçilər bütün bunları nəsə kənar bir stimullaşdırıcı maddənin təsiri ilə edirlər, yoxsa adi insan bunları çatdıra bilməz. Gümanlar bircə yerə gedirdi – narkotik maddələrə.

Bilənlər bilir, belə şeylər kütləvi şəkildə olmasa da, sovet dövründə SSRİ-də də vardı. Məsələn, hamı bilirdi ki, məşhur gitaraçımız narkotik maddənin asılılığındadır və hallananda daha yaxşı çalır. Bunu hüquq-mühafizə orqanları da bilirdi, dinləyicilər də. Sonradan adam özü də telekanal efirində etiraf etdi ki, bəli, keçmişdə belə işləri olub, amma daha tərgidib. Onun işlədiyi şəhərkənarı restoranın sahibi isə bir dəfə onun barəsində belə bir söhbət etdi: “Tərgidib-eləməmişdi, gecə saat 12-yə qədər bizim restoranda işləyirdi, pullu adamlar başına pul tökürdülər, 12-dən sonra maşınına minib şəhərə gedirdi. Ertəsi gün gəlirdi ki, axşama qədər 20 manat pul lazımdır. Deyirdim, bəs gecə qazandığın bir şələ pulu neynədin, deyirdi, dostların malı qurtarmışdı, kömək elədim”.

Narkomanlar səxavətli olur, paylaşmağı, qrup şəklində kef eləməyi sevirlər, bir-birinə əl tuturlar. Ona görə də İstanbulda sənətçilərin qrup-qrup saxlanması təsadüfi deyil. Şəbəkələri var.

Köhnə adamların hamısının tanıdığı və çoxunun sevdiyi bard-müğənni Vladimir Vısotskinin narkoman olması sonradan bəlli oldu. Sovet-rus mediası onun üstünə getmirdi, elə qələmə verirdilər ki, guya Vısotski sadəcə alkoqolik olub. Amma nə alkoqol. Adamın narkoman olmasını Andropov da bilirmiş, amma sənətkara hörməti varmış deyə göz yumurmuş, himayə edirmiş. Hətta adamı bir dəfə xüsusi dispanserə də yerləşdiriblər ki, müalicə olunsun. Bir az yatıb, aradan çıxıb. Bu barədə film də var.

İndi belə çıxır ki, qəddar sovet rejimindən fərqli olaraq, Türkiyə hökuməti sənətçilərinin “üyüşdürücü bağımlısı” (bu da sərrast ifadədir) olmasına təhəmmül etmir. Yəqin ki, kütləvi olduğuna görə. Sənət camiəsində narkoman 1 olar, 5 olar, yola verərsən, yoxsa ta hamı narkoman olmaz ki.

Yadımdadır, 10 il (bəlkə bir az da çox) öncə məşhur müğənni, gözdən əlil Mətin Şəntürkü narkotik maddə istehlakçısı kimi saxlamış, sonra buraxmışdılar və hansısa telekanal onu canlı efirinə dəvət etmişdi. Verilişin getdiyi yerdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan studiyaya zəng etdi, onu Mətinlə calaşdırdılar. Ərdoğan ona eynilə belə dedi: “Gözlərindən öpüyorum, Mətin kardeşim”. Hamı kövrəldi. Ondan sonra Mətin Şəntürkün adı daha narkotik-markotik işlərində çəkilmədi.

Vəziyyət bu cürdür. Şou-biznesi inkişaf etmiş ölkələrin hamısında belədir. Artıq ictimaiyyət də qəbullanıb ki, sənətçilər içməsələr, çəkməsələr, iynə vurmasalar, yaradıcı ola bilməzlər.

Şükür ki, bu məsələ bizdə hələ kütləvi xarakter daşımır. Bizimkilər hələlik lüks avtomobil almaqla, villa tikdirməklə, pullu sponsor axtarmaqla keçinirlər.

Ümid edək ki, bizim sənətçilərin “vinyetka”sı tərtib olunmayacaq.



Sizin reklam burada
Sizin reklam burada