Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir.
News365.az xəbər verir ki, bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.
Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin edilir.
Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim edilməsinə ehtiyac qalmır.
Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11,5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.
