Milyonlarla dron və xaricdəki zavodlar: Ukraynanın Rusiyadan gizlətdiyi böyük planı!

Milyonlarla dron və xaricdəki zavodlar: Ukraynanın Rusiyadan gizlətdiyi böyük planı!
09:34

Rusiya-Ukrayna müharibəsində pilotsuz uçuş aparatlarının və yüksək texnologiyalı silahların rolu getdikcə artır. Son dövrlərdə Ukraynanın genişmiqyaslı dron istehsalı və Rusiyanın buna qarşı mümkün addımları ilə bağlı müzakirələr diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, Moskva Ukraynanın istehsal imkanlarını hədəfə almağa çalışsa da, dəqiq və yüksək texnologiyalı əməliyyatlar həyata keçirmək imkanları məhduddur.

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadakı konkret şəxslərə qarşı dəqiq əməliyyatlar keçirmək imkanları zəifdir.

“Düşünürəm ki, Rusiya Ukrayna ilə bağlı müəyyən ümumi məlumatlara malikdir. Amma İsrailin həyata keçirdiyi kimi, konkret şəxslərə və məsul fiqurlara qarşı yüksək dəqiqlikli əməliyyatlar aparmaq imkanları yoxdur. Ən azından son beş il ərzində Rusiyanın bu tip effektiv fəaliyyətlərini müşahidə etməmişik”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, bu cür əməliyyatların həyata keçirilməsi üçün yüksək texnologiyalar və süni intellekt əsaslı sistemlər tələb olunur:

“Belə əməliyyatlar üçün süni intellektə və rəqəmsallaşdırılmış texnologiyalara əsaslanan dəqiq zərbələr lazımdır. Rusiyanın isə zərbələrinin dəqiqliyində problemlər var. Diqqət etsəniz, onların əsas zərbələri konkret obyektlərə deyil, ümumi ərazilərə yönəlir”.

Ədalət Verdiyev qeyd edib ki, Rusiyanın istifadə etdiyi bahalı raket sistemləri də hər zaman istənilən nəticəni vermir:

“Məsələn, Ukraynada müəyyən binalara ‘Oreşnik’ sistemi ilə zərbə endirilib. Bu, çox bahalı sistemdir. ‘İsgəndər’ raketləri ilə müqayisədə daha mürəkkəb və uzaqmənzilli vasitədir. Amma buna baxmayaraq, Rusiyanın ukraynalı mütəxəssisləri birbaşa hədəfə alma ehtimalı böyük deyil”.

Hərbi ekspert hesab edir ki, Rusiyanın əsas hədəfi Ukraynanın istehsal müəssisələri ola bilər:

“İstehsal müəssisələrinə qarşı zərbələrin endirilməsi mümkündür. Mən bu məsələni ukraynalı mütəxəssislərlə də müzakirə etmişəm. Onlara sual verdim ki, hər gün yüzlərlə dron istifadə olunur, zavodlardan biri vurulsa nə baş verəcək? Onlar bildirdilər ki, böyük həcmdə ehtiyat stokları mövcuddur”.

Ekspert Ukraynanın böyük dron ehtiyatına malik olduğunu da vurğulayıb:

“Mənə deyilən rəqəm təxminən 3,5 milyon idi. Daha sonra Ukrayna prezidenti 10 milyonluq gücdən danışdı. Bu isə onu göstərir ki, Ukrayna böyük ehtimalla istehsal müəssisələrinin bir hissəsini ölkə xaricində fəaliyyət göstərəcək şəkildə təşkil edib”.


Sizin reklam burada
Sizin reklam burada