20 iyun tarixi Azərbaycanın üç xanım Milli Qəhrəmanından birinin - Gültəkin Əsgərovanın anım günüdür.
News365.az-ın məlumatına görə, Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.
Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşa işğal olunduqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Ağır döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik kəndləri istiqamətində gedən çətin döyüşdə öz xidməti borcunu yerinə yetirərkən şəhid olub.
Ölkə Prezidentinin 1993-cü il 20 noyabr tarixli fərmanı ilə Gültəkin Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.
Oxuduğu 200 nömrəli tam orta məktəbə onun adı verilib, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulub. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filmi çəkilib, “Gültəkin zirvəsi” adlı kitab çap olunub.