“Azərbaycan Dilini belə qoruyuruq?”- Mir Şahin Ağayev

“Azərbaycan Dilini belə qoruyuruq?”- Mir Şahin Ağayev
04 Avq 2026 23:36

Bəlkə də yeri deyil, amma uzun müddətdir ki müşahidə etdiyim bir rəzalət haqqında yazmaq qərarına nəhayət ki gəldim. 

Azərbaycan Dilinin Ali Sözlərindən biri olan “Qəhrəman” kəlməsi müxtəlif müstəvilərdə tez-tez alçaldılır, təhqir edilir, gözdən salınır. Kimisə ağır küçə söyüşü ilə təhqir etmək üçün bu sözün birinci hecasını qalan hissədən ya nöqtələr, ya qısa pauza ilə ayırıb tələffüz edirlər, yazırlar. Öz aləmlərində, bildiyiniz məşhur təhqiramiz ifadəni işlətməkdən guya yayındığını güman edir, əvəzində “QƏHRƏMAN” sözünü həmin kəlmənin sinoniminə çevirirlər. Məncə bu təxribat ən sərt şəkildə qınanmalı, Azərbaycan Dilinin bu xüsusi əhəmiyyətli sözünü təhqir edən kəslərin cəzalandırılması mexanizmi olmalıdır. Milli Qürurumuzun tərkib hissəsi olan “QƏHRƏMAN” sözü gözümüzün qabağında aşağılanır. Yazıçılarımızın, şairlərimizin, mediamızın şahidliyi ilə… 

-Milli Qəhrəmanlarımızdan, Vətən Müharibəsi Qəhrəmanlarından ayıb deyil? Aralarında hələ neçə şəhid də var! Azərbaycan Dilini belə qoruyuruq?

Mir Şahin AĞAYEV

Jurnalist


Sizin reklam burada
Sizin reklam burada