ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmaqla Kiyevi Rusiyanın şərtlərinə təslim olmağa sövq edir. Bu barədə Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejko "Reuters" agentliyinə müsahibəsində bildirib.
“Bu, ilk baxışda çox pis görünür. Deyəsən, o, bizi təslim olmağa və Rusiyanın tələblərini qəbul etməyə sövq edir”, - Merejko bildirib.
Qeyd edək ki, Donald Tramp bu gün Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Trampın Ukrayna lideri Vladimir Zelenski ilə danışıqları uğursuz və qalmaqallı şəkildə başa çatmışdı. Amerika prezidenti ukraynalı həmkarını ABŞ-yə hörmətsizlikdə ittiham etdi. O, Kiyev rəhbərini amerikalılara təşəkkür etmədiyinə görə də qınayıb. Trampın Vaşinqtonsuz Kiyevin “güclü kartların olmadığını” deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural