Ukrayna ordusu Amerikanın hərbi təchizatı olmadan cəbhədə üç həftədən çox dayana bilməyəcək. Bu fikirləri hərbi ekspert Mixail Xodarenok "Gazeta"ya açıqlamasında deyib. O, ABŞ-dan Kiyevə yardımın dayandırılması fonunda Ukrayna Silahlı Qüvvələrinin imkanlarını zəif qiymətləndirib.
Polkovnik Xodarenok qeyd edib ki, Ukrayna ordusunun döyüş sursatından tam istifadə edib bitirməsi üçün konkret tarix söyləmək hələ ki, çətindir. Lakin Ukrayna Silahlı Qüvvələrinin ABŞ-nin dəstəyi olmadan döyüşə biləcəyinə dair altı aylıq proqnoz çox şişirdilmiş bir rəqəmdir.
Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural