Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül ailələrdə miras üstündə yaranan mübahisələrlə bağlı sərt fikirlər səsləndirib.
Sənətçi əmlak bölgüsünün valideynlər sağ ikən aparılmasının tərəfdarı olduğunu bildirib.
Kırmızıgül atasının ölümünü gözləyərək miras almaq istəyən övladları tənqid edib:
“Bəzi övladlar var ki, ataları ölsün, miraslarını alsınlar deyə gözləyirlər. Mən belə övlada 5 qəpik də qoymaq istəmərəm. Allah hər kəsə vəfalı, mərhəmətli və xeyirli övladlar nəsib etsin”.
Sənətçi ailədaxili münaqişələrin bəzən övladların evlənməsindən sonra başladığını, xüsusilə gəlinlər arasında əmlakla bağlı rəqabətin yarandığını da vurğulayıb.
Kırmızıgülün sözlərinə görə, miras mübahisələrinin qarşısını almağın ən yaxşı yolu əmlak bölgüsünü ata sağ ikən həll etməkdir.
Qeyd edək ki, Mahsun Kırmızıgül 2022-ci ildə Ece Binaydan boşanarkən də əmlak bölgüsü ilə gündəmə gəlmişdi. Həmin vaxt mətbuatda onun əmlakının təxminən yarısını keçmiş həyat yoldaşına verdiyi iddia olunmuşdu. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.