Limitin ləğvi Azərbaycan futbolunun inkişafına töhfə verəcək? - TƏHLİL

Limitin ləğvi Azərbaycan futbolunun inkişafına töhfə verəcək? - TƏHLİL
07 Yan 2025 19:30

Azərbaycan futbolu ilə bağlı fikirlərini bölüşən idman eksperti Kənan Həkimov bildirib ki, illərdir futbolumuzda tətbiq edilən yerli futbolçu limiti inkişafın qarşısını alır. O, limitin ləğvinin klub futbolunun inkişafına səbəb olacağını vurğulayıb:


"Limitin milli komandaya təsiri yoxdur"

"İllərdir limit tətbiq edilir, amma milli komandamızın uğurlarını görmürük. Limitin milli komandanı zəiflədəcəyini iddia edənlər var. Lakin 6+5 limiti ilə hansı uğurları əldə etmişik? Əksinə, limit səbəbindən komandalar keyfiyyətsiz oyunçuları heyətində saxlamaq məcburiyyətində qalır. Məsələn, "Turan Tovuz" bu mövsüm Orxan Əliyev və Rəhim Sadıxovu transfer edib. Onların avrokubok səviyyəsində çıxış etməyə hazır olduğunu düşünmürəm. Sadəcə alternativ olmadığından bu addımı atıblar."


"Limit futbolçuları arxayınlaşdırır"

Kənan Həkimovun fikrincə, limit yerli futbolçular arasında arxayınlıq yaradır:

"Bəzən stadionda yerli futbolçunun komandanın oyununu pozduğunu açıq görürsən. Amma limitə görə həmin futbolçu 90 dəqiqə meydanda qalır. Futbolçu bilir ki, limitə görə məşqçi onu əvəzləməyəcək. Bu da inkişafın qarşısını alır və futbolçuların rəqabət ruhunu zəiflədir. Limitin ləğvi ilə oyunçular meydana çıxmaq üçün daha çox çalışmalı olacaqlar."


"Legioner Rüsumu Yenidən Dəyərləndirilməlidir"

Ekspert legioner rüsumunun da dəyişdirilməsinin vacibliyini qeyd edib:

"Bu gün legioner rüsumu təxminən 5000 manatdır. Təklif edirəm ki, müəyyən saydan sonra gətiriləcək legionerlərə daha yüksək rüsum tətbiq edilsin, məsələn 50 min və ya 100 min manat. Bu, klubları daha düşünülmüş transfer siyasəti aparmağa məcbur edər."


"Klubların İnfrastruktur Problemləri Davam Edir"

Kənan Həkimov, bəzi klubların bazalarının və akademiyalarının olmadığını da vurğulayıb:

"Limit ləğv olunsa, daha çox yerli oyunçu yetişdirmək üçün klublar akademiyalara yatırım edər. Hazırda bəzi klublar hətta qış fasiləsində başqa klubların bazalarından istifadə edir. Bu vəziyyətdə necə inkişaf gözlənilə bilər?"


"Limitin Ləğvinə Azarkeşlər Də Dəstək Verir"

Sonda idman eksperti azarkeşlərin də limitin ləğvini dəstəklədiyini qeyd edib:

"Sosial platformalarda aparılan sorğularda azarkeşlərin böyük əksəriyyəti limitin ləğvini dəstəkləyir. Futbolun inkişafı üçün əsas olan rəqabətdir və limit bu rəqabəti əngəlləyir. Limitin ləğvi ilə yerli oyunçular da öz üzərlərində daha çox çalışmalı olacaqlar."


Kənan Həkimovun fikirlərinə əsasən, Azərbaycan futbolunda keyfiyyətli inkişaf üçün əsas addımlardan biri limitin ləğvi və futbolçular arasında sağlam rəqabətin yaradılmasıdır.



Youtube kanalımız