"Bu qərar yerli futbolun yerlə-yeksan olması deməkdir" - Ekspert

"Bu qərar yerli futbolun yerlə-yeksan olması deməkdir" - Ekspert
07 Yan 2025 22:15

İdman eksperti Kənan Məstəliyev legioner limiti ilə bağlı fikirlərini News365.az-la bölüşüb. O, hazırkı tətbiq edilən limitin normal olduğunu, gələn mövsümdən tətbiq ediləcək "8+3" sistemini isə maksimum hədd hesab etdiyini bildirib:


"Limitin Ləğvi Yolverilməzdir"

"Legioner limiti məsələsini müzakirə etməliyik" deyərdim, amma demirəm. Çünki müzakirəlik heç nə yoxdur. Hazırkı limit normaldır, gələn mövsümdən tətbiq ediləcək "8+3" sistemi də maksimal hədd sayıram. Limitin ləğvi yerli futbolun yerlə-yeksan olması deməkdir. Bu fikri yaxın belə buraxmaq olmaz."


"İki Sadə Sual, Açıq Cavablar"

Ekspert futbolun hazırkı vəziyyətini iki əsas sualla izah edib:

1. Yaxşı legionerlər Azərbaycana gəlirlərmi?

2. Azərbaycanlı futbolçuları ölkə xaricində gözləyirlərmi?

"Bu sualları düşünün və cavablandırın. Mənim hər iki suala cavabım isə eynidir: Yox! Nə gələn yaxşıdır, nə gedənimiz xaricdə uğur qazanır."


"8+3 Limiti Əslində Limitin Ləğvi Kimidir"

Məstəliyev qeyd edib ki, yeni limit sistemi onsuz da legionerlərin sayını xeyli artırır:

""8+3" elə limitin götürülməsi deməkdir. Bu halda yerlilər ölkədən kənara çıxmalı, legioner həyatı yaşamağa məcbur qalacaqlar. Ancaq hər kəsi zorla ölkədən çıxarmaq da doğru deyil. Hər şey məntiq çərçivəsində həll olunmalıdır."


"Futbolumuzun Daha Böyük Problemlərinə Fokuslanmalıyıq"

Ekspert legioner limiti ilə bağlı müzakirələrdən daha vacib problemlərə diqqət çəkməyin lazım olduğunu bildirib:

"Limit söhbətlərini bir kənara qoyub futbolumuzun daha böyük problemlərinə fokuslanmalıyıq. Əvvəlcə bu problemləri həll edək, sonra Qvineya-Bisau millisinin oyunçularını ölkəyə doldurmağı düşünərik."



Youtube kanalımız