“Laçındakı tədbir dostlara mesaj, düşmənə xəbərdarlıq idi"- Anar Əliyev

“Laçındakı tədbir dostlara mesaj, düşmənə xəbərdarlıq idi"- Anar Əliyev
29 May 2025 14:30

 “Laçındakı tədbir üç qardaş dövlətin birliyinin simvolu və çəkindirici güc mesajı idi”

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, Laçın şəhərində yerləşən Şərdilənazadakı üçüncü beynəlxalq hava limanının açılışı və ardınca baş tutan üçtərəfli konsert mühüm siyasi və mədəni mesajlar ehtiva edib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin – Prezident İlham Əliyevin, Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirak etdiyi möhtəşəm tədbir, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesinin və regional əməkdaşlığın rəmzi kimi dəyərləndirilməlidir.

“Bu tədbir təkcə mədəni tədbir deyildi. Bu, həm də dünyaya verilən mühüm bir mesaj idi. Üç qardaş dövlətin birlik nümayişi həm əməkdaşlıq ruhunu, həm də ortaq iradəni ortaya qoydu,” – deyə politoloq bildirib.

Anar Əliyev qeyd edib ki, çıxış edən liderlər heç bir təhdid dili işlətmədən, yalnız əməkdaşlıqdan və sülh çağırışlarından bəhs etdilər:

“Pakistan Baş naziri Hindistanla bağlı məsələlərə toxunsa da, sadəcə dialoq və diplomatik yollarla həllə üstünlük verdiyini ifadə etdi. Ərdoğan və Prezident Əliyev də öz çıxışlarında bölgədə sabitlik, yenidənqurma və inkişafdan bəhs etdilər.”

Politoloqun fikrincə, tədbirin simvolik və siyasi mənası təkcə bu çıxışlarla məhdudlaşmırdı:

“Bu möhtəşəm tədbir çərçivəsində üç qardaş ölkənin nümayəndələrinin Laçında bir araya gəlməsi, həm də bölgədə sabitlik və təhlükəsizlik baxımından çəkindirici güc nümayişidir. Bu birlik təkcə dostlara deyil, potensial təhdidlərə də açıq mesajdır.”


Sizin reklam burada
Sizin reklam burada