Britaniyalı səyyah Deyv Bell (Dave Bell) inanılmaz səyahətə imza atıb.
O, Sakit və Hind okeanlarını təkbaşına, yalnız avar çəkərək keçib və təxminən 28 700 kilometr məsafə qət edib.
54 yaşlı səyyah 2025-ci il noyabrın 9-da Perunun Lima şəhərindən yola çıxıb və 2026-cı il oktyabrın 2-də Keniyanın Kilifi sahillərinə çatıb.
Bellin iki okeanı əhatə edən tarixi səyahəti 327 gün 17 saat 30 dəqiqə davam edib.
Səyyah bu nəhəng məsafəni 8,3 metr uzunluğunda, karbon materialdan hazırlanmış və "Billy No Mates" adlandırılan xüsusi qayıqla qət edib.
Məlumata görə, Bell bütün səyahət boyunca heç bir kənar fiziki yardım almayıb. O, okeanları keçərkən bir dəfə də olsun quruya ayaq basmayıb.
Səyahətin ən təhlükəli məqamlarından biri Sakit okeanın cənubunda yaşanıb. Bell siklon mövsümündə təhlükəli sulara daxil olmamaq üçün təxminən səkkiz həftə hərəkətini məhdudlaşdırmağa məcbur olub.
Bundan başqa, güclü fırtınalar zamanı nəhəng dalğalar onun qayığını su ilə doldurub, fövqəladə yardım siqnalları işə düşüb. Lakin səyyah xilasetmə xidmətlərinin müdaxiləsi olmadan yoluna davam edə bilib.
Səyahət zamanı Bell iki avarını itirib, texniki nasazlıqlarla üzləşib. Onun sözlərinə görə, Sakit okeanda iki ağüzgəcli köpəkbalığı həftələrlə qayığını izləyib.
Britaniyalı səyyah içməli suyunu xüsusi qurğu vasitəsilə dəniz suyunu duzsuzlaşdıraraq əldə edib. Qidasını isə özü ilə götürdüyü ərzaq ehtiyatları hesabına təmin edib.
Maraqlıdır ki, Bell əvvəlcə səyahətini Mavrikidə başa çatdırmağı planlaşdırıb. Lakin okean axınları və hava şəraiti onu marşrutunu dəyişərək Keniya istiqamətində hərəkət etməyə məcbur edib. Bu qərar səyahətini təxminən 1800 kilometr uzadıb.
Keniyaya çatanda səyyahın yeriməkdə çətinlik çəkdiyi müşahidə olunub. Təxminən 11 aydan sonra ilk dəfə quruya ayaq basan Belli sahildə tərəfdaşı Corci qarşılayıb və yeriməsinə kömək edib.
Bell Böyük Britaniyanın Kral Dəniz Piyadaları Korpusunda 20 il xidmət edib. O, 2021-ci ildə də Atlantik okeanını 119 gün ərzində təkbaşına avar çəkərək keçib.
Səyyahın son ekspedisiyası xeyriyyə məqsədi də daşıyıb. O, müharibə veteranlarına və psixoloji travma yaşayan insanlara yardım göstərən "Rock2Recovery" təşkilatı üçün 110 min funt sterlinqdən artıq vəsait toplayıb.