"Kərbəla şəhidləri"- Tural İrfandan birinci yazı

"Kərbəla şəhidləri"- Tural İrfandan birinci yazı
23 İyl 2024 14:02

İmam Hüseyn 9 yanvar 626 - cı ildə Mədinədə doğulub. Anası Peyğəmbərın qızı Fatimə ət Tahirə, atası Peyğəmbərin əmisi oğlu Əli Əbu Talib oğludur. 12 oktyabr 680 - ci ildə İraqın Kərbəla adlanan çölündə şəhid edilib. Əhli sünnəyə görə səhabə, Əhli Beyt üzvü, Peyğəmbərin cənnətlə müjdələyib haqqında "Cənnət cavanlarının sərvəri" dediyi ali simadır. İmamiyyə şiə məzhəbinə görə 3-cü məsum İmam və qanuni xəlifə, 5-ci məsum, Əhli-Beytin nümayəndəsi, səhabədir. İsmaili şiə məzhəbinin bəzi qollarına görə cismində Allahın təcəlla etdiyi 4-cü məsum və 2 - ci müqtədir İmam, Allahın yer üzündəki kölgəsi. (Onlar İmam Həsəni xilafəti Müaviyyəyə təhvil verdiyinə görə bu xüsusiyyətlərə məxsus müqəddəs İmam hesab etmirlər.)

Zeydiyyəyə görə xilafətə haqqı çatan, ancaq məsum və ilahi sifətlərə xas olmayan fəzilətli və haqqı çatan dini-siyasi lider, İmam.

İmam Hüseyn ömürünün təxminən 31-32 ilini Raşidi xəlifələr (Əbu Bəkir, Ömər, Osman, Əli və Həsən) dövründə keçirmişdir. Əbu Bəkrin xilafətində 7 yaşında, ikinci xəlifə Ömər ibn Xəttabın xilafətində 9 yaşında, üçüncü xəlifə Osman ibn Əffanın xilafətində 19 yaşında, atası, dördüncü xəlifə Əli ibn Əbu Talibin və qardaşı, beşinci xəlifə Həsən ibn Əlinin xilafəti zamanında isə 31-32 yaşlarında olmuşdur.

Mənbələrə görə İmam Həsən ilə Müaviyə arasında bağlanan sülh müqaviləsində bir qrup fitnəkar İmam Hüseyndən bu siyasi sazişə qarşı çıxmasını və Müaviyənin qarşısında dayanmasını istəmiş, ancaq İmam Hüseyn qəti şəkildə qardaşının Müaviyə ilə bağladığı müqaviləni himayə etmiş və bu istəyə qarşı çıxmışdır. Qeys ibn Səd Hüseynin bu mövzudakı fikrini soruşduqda İmam Hüseyn açıq bir şəkildə fikrini bildirmişdir. İmam Hüseyn sülh sazişindən sonra qardaşı ilə birlikdə Kufədən Mədinəyə gedərək orada sakit bir həyat keçirmişdir.

Həyat yoldaşları

Şəhribanu: Tarixçilərin çoxu onu Sasani şahı III Yezdəgerdin qızı və Əli ibn Hüseynin anası olaraq bilməkdədir. Lakin müasir dövr tədqiqatçılarının bu mövzuda tərəddüd və şübhə ilə danışırlar.

Rübab binti Əmrul-Qeys: Rübabın ədəb və ağıl baxımından qadınların ən yaxşısı və ən fəzilətlisi olduğu nəql edilmişdir. İmam Hüseynin Rübabdan Səkinə və Abdullah adında iki uşağı olub. Aşura günü hələ bələkdə olan Abdullah (Əli Əsğər) atasının qucağında şəhid edilib. Kərbəlada olan Rübab isə digər əsirlərlə birlikdə Dəməşqə aparılıb.

Leyla: İmam Hüseynin onunla nə zaman evləndiyinə dair bir məlumat yoxdur. Əli Əkbər onun övladıdır.

Ümmü İshaq: Təlhə ibn Ubeydullahın qızı. Ümmü İshaq İmam Hüseynin böyük qardaşı İmam Həsənin həyat yoldaşı olub və onun şəhadətindən sonra İmam Hüseynlə evlənib. İmam Hüseynin ondan Fatimə adında bir övladının olduğunu qeyd edilir.

Sülafə: Mənbələrdə Kudaə qəbiləsindən bir qadının da İmam Hüseynin həyat yoldaşlarından biri olduğu qeyd edilmişdir. Sibt ibn Cövzi onun adının Sülafə, Beyhəqi isə Məlumə olduğunu yazmışdır. Həyatı haqqında hər hansı bir məlumat yoxdur.

Övladları

Əli Əkbər - İmam Hüseynin böyük oğludur. Kərbəlada şəhid edilib və anası Əbu Murrət bin Urvə bin Məsud Səqəfinin qızı Leyladır.

Əli və ya Əli Əvsət - Zeynul-Abidin (ibadət edənlərin ziynəti) olaraq tanınmış, ləqəbi Səccad və künyəsi Əbu Muhəmməddir. Anası Sasani şahı 3-cü Yezdəgerdin qızı Şəhribanu olduğu deyilir.

Cəfər - anası Kudaə qəbiləsindəndir. Özü İmam Hüseyn həyatda ikən dünyadan köçmüş və ondan geriyə bir nəsil qalmadığı qeyd edilir.

Abdullah bin Hüseyn Abdullah Razi (süd əmən) deyə bilinən Əli Əsğərdir. Anasının adı Rübabdır. Körpə ikən Kərbəlada Hərmələ bin Kahil tərəfindən boğazından oxlanaraq şəhid edilib.

Sukeynə (Səkinə) binti Hüseyn - İmam Hüseynin kiçik qızıdır. Onun da anası Rübabdır.

Fatimə - İmam Hüseynin böyük qızıdır. Anası Təlhə ibn Ubeydullah Təmiminin qızı Ümmü İshaqdır.

Məhəmməd - Kərbəlada öldürülmüşdür. Onun da anası Rübabdır.

Zeynəb - anasının adı müəyyən deyil.

Rüqəyya - Hairi onun anasının Sasani şahı 3-cü Yezdəgerdin qızı Şəhribanu olduğunu yazmışdır. Bəzi nəqllərlə üst-üstə düşən nəzər isə anasının Ümmü İshaq olduğu istiqamətindədir.

Muhsin bin Hüseyn - anası İmam Hüseynin digər həyat yoldaşlarından biridir.

İmam Hüseynin fəziləti, elmi, irfanı, ədəbi haqqında İslam mənbələrində bütün cərəyanların qəbul etdiyi minlərlə mənbə, hədis və rəvayət var. Onun İraqın əsasən Kufə əhalisi tərəfindən Mədinədən İraqa dəvət edilərək dövrün xəlifəsi Yezidin qoşunları və İraq xainləri tərəfindən faciəli şəkildə şəhid edilməsi İslam aləmində böyük yanğı, təlatüm, bir sıra siyasi və dini çalxalanma yaratmışdır.

Kəsilmiş başının Yezidin hüzuruna aparılmasından sonra harada dəfn edilməsi dəqiq məlum deyil. Suriya - Dəməşqdə, Misirdə, Mədinədə, Nəcəfdə və Kərbəlada dəfn edilməsi haqda rəvayət və ehtimallar var.

Onunla birlikdə şəhid olanların sayı tarixi mənbələrdə 200 - ə yaxın adda və ya sayda qeyd edilmişdir. Mümkün qədər həmin şəxslərin adlarını, haqqında qısa da olsa məlumatı nəzərinizə çatdırmaq istərdik ki, Kərbəla şəhidləri ilə qismən də olsa tanış olasınız. Çünki əsrlərdir bu adlar subyektiv səbəblərə görə gizlədilib, İmam Əlinin İmam Hüseyndən başqa övladları, Kərbəlada şəhid olan İmam qardaşları, oğullarının çoxu haqqında demək olar ki, bir kəlmə də məlumat verilməyib.

İmam Hüseyndən başlayaraq onun övladları, qardaşları, yaxınları, səhabələri haqqında obyektiv, qərəzsiz məlumat verəcəyik, inşallah.

Salam olsun hamısına!

Tural İrfan, ilahiyyatçı


Sizin reklam burada
Sizin reklam burada