Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şöbə müdiri ifadə verib

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şöbə müdiri ifadə verib
19:45

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzin şöbə müdiri Məryəm Rzayeva ifadə verib.

O, mərkəzin yeni doğulmuşların terapiya şöbəsinin müdiri olduğunu, hadisə baş verəndə məzuniyyətdə olduğunu deyib: "Mən 2021-ci ildə mərkəzdə direktor vəzifəsini icra etmişəm. Məndən əvvəl isə direktor Sevinc xanım olub. Təhlükəsizliklə bağlı bütün tədbirlər görülüb. Daha sonra struktur dəyişdirilib. İşçilərə bununla bağlı izahatlar verilib, əmək müqavilələri yenilənib. Mehriban xanım gələndən sonra mən şöbə müdiri vəzifəsini icra etməyə başlamışam".

Məryəm Rzayevanın sözlərinə görə, bölmə 20 çarpayıdan ibarət olub: "Mehriban xanım gələndən sonra xəstələr üçün otaq sayı 4-ə çatdırırıldı. Bu səbəbdən küvezlərin yanında əlavə naqillərə qoşulmalar oldu. Naqillərə əlavə aparatların qoşulmasının düzgün olmadığını izah etmişdim. Çünki elektrik 24 saat işləyirdi. Mehriban xanım hər bir işi özü nəzarətə götürürdü".

Daha sonra Məryəm Rzayeva dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, Mehriban Abasquliyevaya gələndən sonra otaq sayı 4-ə çatdırılsa da, xidmət göstərən personal əvvəlki qaydada işləyib. Onun sözlərinə görə, şöbədə 20 çarpayı olsa da, 30-40 xəstə qəbul olunub: "Mənim rəhbərlik etdiyim vaxtda da çox müraciətlər olunurdu. Amma mən qəbul etmirdim. Onları digər doğum evlərinə yönləndirirdim. Bizim işimiz çox ağır idi. Ona görə də gücümüz çatan qədər xəstə qəbul edirdik. Görürdük ki, 20 çarpayı doludur, artıq xəstə qəbul etmirdik, digər xəstəxanalara göndərirdik. Bunu da özbaşına etmirdik. TƏBİB-lə əlaqə saxlayırdıq, xəstənin digər xəstəxanaya yerləşdirilməsi təmin olunurdu".

Məryəm Rzayevanın sözlərinə görə, küvezləri özlərinin müstəqil almaq imkanları olmayıb, onlar TƏBİB-dən göndərilib: "Biz sifariş vermişik, TƏBİB göndərib”.

Növbəti proses iyulun 28-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.


İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb./ APA


Sizin reklam burada
Sizin reklam burada