ABŞ-ın Texas ştatında narkotik qaçaqmalçılarının qeyri-adi gizlətmə üsulu üzə çıxıb.
News365.az xəbər verir ki, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Makallen bölməsinin əməkdaşları Rio-Qrande vadisində keçirilən əməliyyat zamanı kələm yükünün içərisində gizlədilmiş böyük həcmdə metamfetamin aşkarlayıblar.
Məlumata görə, ələ keçirilən narkotikin çəkisi 1 ton olub. Bağlamalar yaşıl materiala bükülərək kələm başlarına bənzədilib və adi kənd təsərrüfatı məhsullarının arasında gizlədilib.
Yayılan videogörüntülərdə əməkdaşların kələm formasında hazırlanmış bağlamaları bir-bir açması və içərisindəki gizli yükü üzə çıxarması əks olunur.
Əməliyyat ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi işçi qrupunun apardığı araşdırma çərçivəsində həyata keçirilib. DEA ilə yanaşı, əməliyyatda FBI, Daxili Təhlükəsizlik Araşdırmaları Xidməti, Gömrük və Sərhəd Mühafizəsi, Sərhəd Patrulu və Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları iştirak ediblər.
Texasda narkotik vasitələrin kələm yükündə gizlədilməsi ilə bağlı daha əvvəl də oxşar hadisə qeydə alınıb. 2024-cü ildə başqa bir yük maşınında kələmlərin arasında təxminən 1356 kiloqram metamfetamin aşkarlanmışdı.