“Ölkəmizdə
investisiya mühitinin inkişafı, real sektorun maliyyə mənbələrinə çıxışının
genişləndirilməsi və digər vacib məqsədlər üçün "Kapital bazarları"
haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu həm yazılarımda, həm də
müsahibələrimdə dəfələrlə qeyd etmişdim. Bu gün AMB 2025-ci ilin sonunadək
"Kapital bazarları" haqqında qanun layihəsinin hökumətə təqdim ediləcəyini
açıqlayıb”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, hələlik qanun layihəsinin əhatə dairəsi və effektivliyi ilə bağlı
konkret fikir bildirmək tezdir:
“Amma
bir məsələ aydındır ki, heç olmayan qanundansa, təkmilləşməyə ehtiyacı olan bir
qanun daha yaxşıdır. Çünki təcrübə göstərir ki, istənilən sahədə, hətta ən
yaxşı hesab olunan qanunvericilik aktları belə zamanla dəyişən tələblərə uyğun
olaraq yenilənməyə, təkmilləşdirilməyə ehtiyac duyur.
Ümid
edirəm ki, bu qanun layihəsi ölkəmizin maliyyə bazarlarını daha dinamik, rəqabətli
və investorlar üçün daha cəlbedici hala gətirəcək. Çünki, bu qanunun şəffaf tətbiq
edildiyi ölkələrdə kapital bazarları alternativ maliyyələşmə imkanlarını genişləndirir,
real sektor üçün yeni investisiya mənbələri yaradır və iqtisadi artımı
stimullaşdırır.
Həmçinin
bu qanun səffaflıq və hesabatlılığı gücləndirərsə, beynəlxalq iqtisadi
inteqrasiyanı sürətlədirər. Nəticədə əsas məqsədə - BXİ cəlbediciliyinin yüksəlişinə
nail olunar”.
News365.az