İslam hüquq oxumağı qadağan edir? - Tural İrfan yazır

İslam  hüquq oxumağı qadağan edir? -  Tural İrfan yazır
18 İyn 2024 12:47

Ölkədə öz dini çevrəsi olan tanınmış təbliğatçılardan biri çıxışlarında deyir ki, hüquq üzrə təhsil almaq olmaz. Ayıq sürücü işləmək olmaz. Turistlərə sürücülük edən şəxs onların xahişi ilə şəkillərini çəkməsi olmaz. (Yəni turistlər bir mənzərəli yerdə sürücüdən, yaxud bələdçidən xahiş edir ki, onların fotosunu çəksin.)

Bu düşüncənin yanlış olduğunu, dinə uyğun olmadığını bəyan edirəm. Doğrudur, mümkün qədər cəmiyyətdə fəsad yaradan, günaha aparan işlərdən çəkinmək lazımdır. Ancaq ictimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil.

Tutaq ki, ayıq sürücü başqa iş tapmayıb hələ ki, işləyir, ailəsinə çörək aparır. O işi görən olmasa hansı hadisələr baş verər gəlin görək. Bəlkə imanlı sürücü sərxoş adamı evinə apararkən nəsihət edəcək, o da yolunu dəyişib imana gələcək. Əgər onu kimsə aparmasa olduğu yerdə daha böyük fəsad çıxarıb, bəlkə də cinayət törədəcək. Sən onu aparıb mənzilinə çatdırmaqla ictimai nizama xidmət etmiş olursan.

Hüquq oxumaq niyə qadağan olsun? Lap deyək ki, siz dünyəvi hüququ öz əqidənizə görə mübah saymırsınız. Əvvəla, istənilən elm sahəsini öyrənmək nəinki günah, hətta savabdır. Öyrənmək onu istifadə etməyi vacib etmir. Peyğəmbər bir çox səhabələrinə ibrani, süryani dilini öyrənməyi tövsiyyə edirdi. Elm Çində də olsa getməyi əmr edirdi. Təbii ki, Çində İslam elmi yoxdur ki. Demək dünyəvi elm nəzərdə tutulur. Bax belə düşüncənin nəticəsində son əsrlərdə İslam aləmində elm, texnika, inkişaf sahəsində gerilik başladı. Gəncləri, uşaqları elmə səsləmək əvəzinə onları uzaqlaşdırırlar. Yaxşı deyək ki, hamı səni eşitdi, heç kəs hüquq oxumadı, bəs ölkədə bu qədər məhkəmə orqanı, hüquq mühafizə orqanları var, orada kim işləyəcək? Sabah başına bir iş gəlsə məhkəmədə kim sənə vəkillik edəcək, ərizə yazacaq? Biz dünyəvi dövlətik, bu dövlətin qanunlarını da hamı bilməli, hörmət etməlidir.

Bir məscid axundu da Cümə namazının xütbəsində siyasi partiyalara meydan oxuyur. Partiya mənsubunu siyasi mövqe ortaya qoyub dünyəvi quruluşa qarşı radikal olmağa çağırır. Məscidin dini atributu olan minbəri əsasən dünyəvi - siyasi çıxışlar üçün nəzərdə tutulmuş tribuna ilə əvəz edərək bir növü məscidi siyasi partiya ofisinə çevirib. Başqalarını təhqir edərək məsciddən qərəz, nifrət, dini ayrıseçkilik təbliğ edir. Əgər ona siyasi xütbə vermək üçün izn verilibsə nə üçün Ərdəbilin imamcüməsi dövlətimizi təhdid edəndə ona qarşı bircə kəlmə cavab vermədi? Əgər ona minbəri tribunaya çevirib videoiçəkilişlərlə cəmiyyətə siyasi müraciət ünvanlamağa izn verilibsə, millət vəkilimizə qarşı, özünü dini zümrəyə aid edən, xaricdən nəşət tapan qrup terror edəndə niyə iki kəlmə xütbə oxuyub dində terrorun olmadığını elan etmədi, o mənfur əməlin sifarişçilərini, icraçılarını tənqid etmədi? Əgər o axunda Cümə günləri məsciddən partiya sədrlərinə, müavinlərinə meydan oxumaq, onları ortaya siyasi mövqe qoymamaqda ittiham etmək səlahiyyəti verilibsə Ermənistanın Daşnaksyütun partiyasının, terror təşkilatlarının illərlə Azərbaycan xalqının milli, tarixi, dini, mədəni abidələrini, məscidləri dağıtmasına, donuz salmasına, ziyarətgahlarımızı təhqir etməsinə, seyidlərin qəbrini açıb sümüklərini çıxarmasına qarşı niyə bir etiraz xütbəsi oxumadı? Ona görə ki, xaricdə təqlid etdiyi ağasından fətva gəlməmişdi?

Bax belələri cəmiyyəti korlayır, zəhərləyir, fəsad törədir. Elələrini müdafiə edən, qoruyan, arxa duranlar da gizli şəkildə, qaranlıq əllərdir ki, məqsədləri dövlətə qarşı iş aparmaqdır. Dinin dövlətdən ayrı olduğu halda, din xadiminin siyasi mövzulara qarışmalı olmadığı halda, heç düşmənə bircə kəlmə cavab vermədikləri halda öz xalqımızın övladlarını düşmən görürlər ki, Cümə xütbəsində onları hədəfə gətirib şər, böhtan, müsəlmana xas olmayan təhqirlərlə şantaj edirlər? Bunlarmı təbliğ edəcək mənəvi dəyərləri? Din xadimi də iftira atarmı, din adamı da təhqir edərmi? Təyinat aldığı dövlət qurumuna qarşı meydan oxuyan özündən müştəbeh axundun dövlət əleyhinə çıxmasıdır bu. Məgər o təyinat alanda məsciddə siyasi çıxışlar etməməli olduğunu bilmirmiş? Bilirdisə demək dövlətin qanununa qarşı çıxıb, təlimatı tapdalayıb. Hələ mənfur çıxışını da videoiçəkilişlərlə məscidin rəsmi səhifəsində yayımlayıb, ictimai-siyasi fikir yaradıb siyasi rəy formalaşdırmağa cəhd edib. Məscidləri, əhalini belə təhlükəli, xaricdə mənbəyi məlum olmayan yerlərdə təhsil adı ilə təlim keçmiş şəxslərə həvalə etmək olmaz. Yerini bərkitməmiş, hələ böyük kütləni başına yığmamış bu "cürətə" sahib olan şəxs görün hələ siyasi xütbələrinə müxatab etdiyi camiə artanda, yerini bərkidəndə hansı siyasi çıxışlar edəcək, hansı təxribatıar yaradacaq. Hədəf seçdiyi qarşı tərəfi dövlətə qarşı çıxışlar etməməkdə, "boşluqlara qarşı ortaya siyasi mövqe qoymamaqda" suçlayaraq onu cəsarətsiz sayan belə "cəsarətli" axundlar ermənilərin Cəbrayıla, Zəngilana basdırdığı minalardan daha təhlükəlilidir. Zəngilanı azad etməyə gedən əsgərlərimizin qabağını kəsən xainlərdən daha xaindir belələri. Çünki xurafatı tənqid edərək xaricdən dövlət əleyhinə çıxanlara cavab verən, radikalizmin, ixtilafın əleyhinə vətən üçün, dövlət üçün xidmət edən şəxslərə qarşı məscid tribunasından iftira atmaq, əsgərimizin qarşısını kəsmək qədər xəyanət, torpağımıza mina basdırmaq qədər namərdlikdir.

Tural Irfan, MCP-nin sədr müavini, ilahiyyatçı


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər