İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” Sammitinin siyasi əhəmiyyəti
Siyasət
09:10
Xəbər verdiyimiz kimi Ermənistanın paytaxtında “Avropa Siyasi Birliyi” sammiti keçirilir. Bir ay sonra keçiriləcək parlament seçkiləri öncəsi belə bir tədbirinin ictimai-siyasi əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı fikir bildirən REAL Partiyasının sədri Natiq Cəfərli deyir ki, Ermənistanda, İrəvanda keşirilən “Avropa Siyasi Birliyi” sammiti, seçki öncəsi Paşinyana ciddi dəstəkdir və bu yaxşıdır, sülh prosesi davam etməlidir:
"Seçkidə digər xarici “oyunçu” isə Rusiyadır, Kremlin qurduğu oyun fərqlidir, qısa izah etməyə çalışacam.
Aydındır ki, Rusiya ilə İrəvan arasında ciddi fikir ayrılıqları var, amma bu o demək deyil ki, Rusiya Ermənistanı tamamilə əlindən çıxarıb. Rusiyanın Ermənistanda hərbi bazaları var, iqtisadiyyatının 70 faizindən çoxu onlardan asılıdır.
Rusiya fərqli mühasibət sərgiləyir, "ruspərəst" qüvvələrin Ermənistanda seçki yolu ilə hakimiyyətə gəlməsinin mümkün olmadığını anlayırlar, çünki cəmiyyət də son 200 ildə ilk dəfədir ki, kifayət qədər Rusiyadan narazıdır.
Moskva anlayır ki, Ermənistanda hakimiyyətə Paşinyana alternativ ola biləcək daha çox qərbpərəst qüvvələr gələ bilər. Bu nöqteyi nəzərdən Kreml Paşinyana müəyyən təzyiqləri əlində saxlamaqla onun hakimiyyətdə qalması ilə barışıb.
Fikrimcə Rusiyanın strategiyası Paşinyan komandasına təsir rıçaqlarını əlində saxlamaqla daha qərbpərəst qüvvələrin hakimiyyətə gəlməyinin qarşısını almaqdır".