"İranla bağlı hərbi ehtimallar artır, ABŞ danışıqlara üstünlük verir"- Politoloq

"İranla bağlı hərbi ehtimallar artır, ABŞ danışıqlara üstünlük verir"- Politoloq
12 İyn 2025 14:44

İranın nüvə proqramı ilə bağlı İsrailin sərt və qətiyyətli mövqeyi, eyni zamanda hərbi əməliyyatların başlaya biləcəyi ehtimalını artırır.

Politoloq İlyas Hüseynov News365.az-a açıqlamasında bildirib ki, əsas strateji tərəfdaşlardan biri kimi ABŞ bu cür hərbi eskalasiyalara qarşı çıxır və problemin dinc, danışıqlar yolu ilə həllinə üstünlük verir.

“Vaşinqton, bir tərəfdən, Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün diplomatik təşəbbüslər irəli sürür, digər tərəfdən isə İsrailə silah ötürülməsi ilə bağlı mövcud hərbi kampaniyalar beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirilə bilər,” – deyə Hüseynov bildirib.

Politoloq qeyd edib ki, əgər İrana qarşı hərbi əməliyyatlar başlayarsa, bu, təkcə regionda deyil, həm də ABŞ-ın müxtəlif coğrafiyalardakı hərbi bazaları üçün ciddi təhlükə yarada bilər:

“Şübhəsiz ki, belə bir addım ABŞ-ın Yaxın Şərqdəki maraqlarına ciddi zərbə vura bilər. İran da buna cavab olaraq regional və beynəlxalq miqyasda cavab tədbirləri görə bilər.”

İlyas Hüseynovun sözlərinə görə, hazırda Omanda və digər ərazilərdə aparılan danışıqların nəticələri ABŞ üçün yetərli hesab olunur. Bu danışıqlarda əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və nüvə texnologiyasının yalnız sülh məqsədilə istifadə olunmasını təmin etməkdir.

Politoloq əlavə edib ki, hərbi qarşıdurmanın başlaması Cənubi Qafqaz, Yaxın Şərq və ümumilikdə Orta Şərq regionunda gərginliyin artmasına, demoqrafik dəyişikliklərə və ciddi miqrasiya böhranına səbəb ola bilər:

“Bütün bu ssenarilər fonunda pragmatik yanaşma və danışıqlar masası arxasında həll yolları axtarmaq ən məqbul seçimdir,” – deyə İlyas Hüseynov bildirib.


Sizin reklam burada
Sizin reklam burada