Zəngəzur dəhlizinə dair İran rəsmilərinin bir-birini təkzib edən bəyanatları Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşməsinə yol açır.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli News365.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, son dövrlərdə İranın müxtəlif strukturlarından səslənən açıqlamalar bir-birini inkar edir və bu, ölkənin xarici siyasətində vahid mövqenin olmamasından xəbər verir:
“Bir tərəfdən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirir ki, Tehran regionda kommunikasiyaların açılmasında maraqlıdır. Digər tərəfdən isə İran Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri Zəngəzur dəhlizinin açılmasına qarşı sərt və təhdid xarakterli bəyanatlar verirlər. Bu isə göstərir ki, İran daxilində xarici siyasətlə bağlı vahid koordinasiyalı mövqe yoxdur.”
Mətin Məmmədli hesab edir ki, bu cür ziddiyyətli açıqlamalar təkcə İranın daxili siyasi mühitindəki gərginliyi deyil, həm də regionda sülh prosesinə mənfi təsiri göstərir:
“Zəngəzur dəhlizi ilə bağlı İranın ortaya qoyduğu yanaşmalar sülhə xidmət etmir. Əksinə, bu prosesin pozulmasına səbəb olur. İran rəsmiləri dəhlizin açılmasının Ermənistanın suverenliyinə zidd olduğunu iddia etsələr də, Ermənistanın özü bu məsələni bu şəkildə dəyərləndirmir.”
Ekspert bildirib ki, İranın son açıqlamalarında Ermənistanın suverenliyi məsələsinin qabardılması, əslində İrəvanın rəsmi mövqeyindən daha çox narahatlıq nümayiş etdirir:
“İran rəsmilərinin Zəngəzur dəhlizinə qarşı çıxması əslində Ermənistanın maraqlarını müdafiə etməkdən çox, bölgədə geosiyasi təsir dairəsini qorumaq məqsədi daşıyır. Halbuki bu məsələ ilk növbədə Azərbaycanla Ermənistan arasında həll olunmalı bir məsələdir.”
Mətin Məmmədliyə görə, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün və iqtisadi inteqrasiyanın əsas dayaqlarından biri ola bilər, lakin üçüncü tərəflərin bu prosesə müdaxiləsi əlavə gərginlik yaradır.