Mətbəximizin əvəzolunmaz məhsullarından biri olan yumurta, düzgün şəraitdə saxlanmadıqda çox tez xarab ola bilər. Xüsusilə yay aylarında temperaturun artması bu prosesi daha da sürətləndirir. Bəs yumurtanın ömrünü necə uzatmaq olar?
News365.azmövzu ilə bağlı praktik üsulları təqdim edir:
1. Sivri ucu aşağıya doğru yerləşdirin
Yumurtanı qabda saxlayanda onu elə yerləşdirin ki, sivri ucu aşağıya baxsın. Bu, yumurtanın içindəki hava kisəsinin sabit qalmasına kömək edir və daxili quruluşun pozulmasının qarşısını alır. Nəticədə yumurta daha uzun müddət təzə qalır.
2. Sərin və quru mühit vacibdir
Yumurtaları birbaşa günəş işığından uzaq, sərin və quru yerdə saxlamaq lazımdır. Ən ideal yer soyuducunun orta rəfləridir – nə çox isti, nə çox soyuq. Bu şəraitdə yumurtanın xarab olma ehtimalı minimuma enir.
3. Zeytun yağı ilə qoruyucu qat yaradın
Yumurtanın qabığını nazik qat zeytun yağı ilə silmək, onun üzərində qoruyucu təbəqə yaradır. Bu təbəqə havanın və bakteriyaların yumurtaya keçməsini əngəlləyir. Nəticədə təzəliyini daha uzun müddət saxlayır.
4. Karbonatlı suda “təmizləyib” saxlayın
Daha az bilinən, amma təsirli üsullardan biri də karbonatlı sudur. 1 litr suya 1 xörək qaşığı karbonat əlavə edin və yumurtaları bu suda 1–2 saat saxlayın. Bu proses yumurta qabığındakı mikrobları azaldır və saxlanma müddətini uzadır. Sonda yumurtaları qurudub soyuducuda saxlamaq kifayətdir.
QEYD: Unutmayın ki, yumurta xarab olduqdan sonra onun tərkibindəki bakteriyalar ciddi sağlamlıq riskləri yarada bilər. Ona görə də həm gigiyenaya, həm də saxlama şəraitinə diqqət yetirmək vacibdir.
Yumurtanı qorumaqla həm israfın, həm də zəhərlənmə riskinin qarşısını ala bilərsiniz.