“Erməni lobbisinə ədalət dərsi verildi” - Arzu Nağıyevdən AÇIQLAMA

“Erməni lobbisinə ədalət dərsi verildi” - Arzu Nağıyevdən AÇIQLAMA
14:33

“907-ci düzəliş ABŞ Konqresində 1992-ci ildə ‘Azadlığa Dəstək Aktı’na edilmiş əlavələrdən biri idi və uzun illər Azərbaycan üçün ciddi maneələr yaratdı. Bu düzəliş ABŞ dövlət qurumlarının Azərbaycana birbaşa yardım göstərməsini qadağan edirdi. Halbuki, Ermənistan təcavüzkar olduğu halda ABŞ-dan yardım alır, Azərbaycan isə sanksiyalara məruz qalırdı. Bu, klassik ikili standartların nümunəsinə çevrilmişdi”.

Bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, həmin dövrdə 907-ci düzəliş Azərbaycanın təhlükəsizlik imkanlarını zəiflədir, müdafiə qabiliyyətinə dolayı təsir göstərir, humanitar dəstəyin qarşısını alırdı:

“ABŞ texniki əməkdaşlıq imkanlarını məhdudlaşdırır, bu isə ölkəmizin beynəlxalq siyasətdə və təhlükəsizlik sahəsində mövqelərinə mənfi təsir edirdi. Azərbaycan alternativ diplomatik və iqtisadi yollar axtarmağa məcbur qaldı. Enerji layihələrinə də təsirlər oldu. Nəticədə Ermənistanın işğalçılıq siyasəti daha da gücləndi, humanitar dəstək isə məhz Azərbaycandan əsirgəndi”.

Arzu Nağıyev qeyd edib ki, 907-ci düzəlişin faktiki olaraq qüvvədən düşməsi bir sıra müsbət nəticələrə yol açıb:

“Bu, enerji və iqtisadi əməkdaşlıqda ABŞ şirkətlərinin Azərbaycana daha rahat investisiya yatırmasına imkan verəcək. Texniki əməkdaşlıq sahələri, sərhəd təhlükəsizliyi, antiterror və kibermüdafiə istiqamətləri üzrə əməkdaşlıq genişlənəcək. Bu qərarla erməni lobbiçilərinə də göstərildi ki, haqq-ədalət və balanslı siyasət nə deməkdir”.

Deputat vurğulayıb ki, düzəlişin ləğvi yalnız hüquqi qərar deyil, həm də Azərbaycanın müstəqil siyasətinin və beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricisidir:

“Bu, Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regional siyasətdə əhəmiyyətini artıran mühüm addımdır”.


Sizin reklam burada
Sizin reklam burada