İranın hazırkı vəziyyəti Azərbaycanla münasibətlərdə yeni səhifənin açılmasını qaçılmaz edir - TƏHLİL

İranın hazırkı  vəziyyəti Azərbaycanla münasibətlərdə yeni səhifənin açılmasını qaçılmaz edir - TƏHLİL
09:28
Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər. Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında siyasi mərkəzdə ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşır. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gedişdir.
Bu səfərin Bakının məşhur küləyinin saniyədə 48 metr sürətlə əsəcəyi bir gündə reallaşması simvolikdir, bu külək münasibətlıri sürətlə yeni mərhələyə keçirtməyə kömək edəcək.
İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi faktının özü rəsmi Tehranın Azərbaycanla münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Bu, təsadüfi deyil. Hazırda İran bir neçə strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa və dərinləşdirməyə məcburdur.
Birinci və əsas səbəb regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyətdir. Son dövrdə İran ətrafında gərginlik artaraq kritik həddə çatıb. Xüsusən də ABŞ və Qərblər diplomatik danışıqların qəlizləşmısi, İranı yeni alternativlər axtarmağa sövq edir. Tehran üçün şimal sərhəddində sabitlik və etibarlılıq olduqca vacibdir. Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün bu kontekstdə həyati əhəmiyyət kəsb edir.
Azərbaycan həmçinin İranın ötən il münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çıxartdığı Rusiya ilə dayanıqlı əlaqələrin qurulmasında əsas halqadır. Panama kanalı, Suveyş kanalı 2 okeanın birləşməsi üçün hansı əhəmiyyəti daşıyırda İran-Rusiya tərəfdaşlığının möhkəmlənməsi, və ikisinin bir-biri ilə effektiv birlöşməsi üçün Azərbaycan əsas aparıcı halda rolunu oynayır.
İkinci səbəb İranın iqtisadi böhranıdır. Son aylarda İran iqtisadiyyatı ciddi çətinliklərlə üzləşib. İranın milli valyutası rial cəmi bir neçə ay ərzində 50%-dən çox dəyər itirib ki, bu da daxili sosial-iqtisadi vəziyyəti ciddi şəkildə gərginləşdirir. İqtisadi tənəzzül fonunda daxili etirazlar və narazılıqların yenidən alovlanma təhlükəsi İran hakimiyyətini ciddi şəkildə narahat edir. İran hakimiyyəti vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün xarici siyasətdə pozitiv gedişlərə, xüsusilə iqtisadi əməkdaşlığa və sərhədyanı təhlükəsizliyə böyük önəm verir.Azərbaycanla münasibətlərin yeni müstəviyə çıxarılması İran Azərbaycanlılarının kritik dəstəyini əldə etmək baxımından önəmlidir.
Digər mühüm məsələ isə İranın beynəlxalq arenada təcrid olunmaq təhlükəsindən qurtulmaq üçün regionda yeni diplomatik kanallar axtarmağa məcbur olmasıdır. Bu istiqamətdə Tehran Bakı ilə münasibətləri yaxşılaşdırmaqla yanaşı, Azərbaycan vasitəsilə İsrail ilə dolayı və ya qeyri-rəsmi əlaqələr qurmağa cəhd edə bilər. Tehran-Təl-Əviv xəttində yeni bir diplomatik kanalın açılması ehtimalı, Azərbaycan-İran münasibətlərinin yeni dövründə əhəmiyyətli mövzularından biri olacaq.
Bu səbəbdən İran prezidenti Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində ciddi mesajlar verəcək. İqtisadi layihələr, xüsusilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq mövzuları əsas gündəmdə olacaq. Son dönəmlərdə İran üçün əsas problemlərdən biri enerji çatışmazlığıdır. Ölkənin ekektrik enerji istehsal potensialı artan tələbi qarşılaya bilmir. Xüsusi olaraq yay aylarında bu daha ciddi hiss edilir. Ona görə Tehran Azərbaycandan elektrik enerjisi idxalında maraqlı görsənir. Böyük ehtimalla yeni dönəmdə Azərbaycan İranla elektrik enerjisi - qaz mübadiləsinə gedə bilər. Bu hər iki ölkə üçün maraqlı hesab olunur.
İranın hazırkı mürəkkəb geosiyasi və iqtisadi vəziyyəti Azərbaycanla münasibətlərdə yeni səhifənin açılmasını təkcə zəruri deyil, həm də qaçılmaz edir.
Aqil Məmmədov, siyasi ekspert

Sizin reklam burada
Sizin reklam burada