ABŞ Prezidenti Donald Tramp İranın təslim olacağını deyib və bundan sonra Kubanın da “məğlub olacağını” bildirib.
News365.az xəbər verir ki, Tramp bu fikirləri Amerikanın “Politico” jurnalına müsahibəsində səsləndirib.
O, müsahibə zamanı İrandakı son vəziyyəti dəyərləndirərək, ABŞ-nin həyata keçirdiyi hücumların uğurlu olduğunu deyib
Trampın sözlərinə görə, İran sonda təslim olacaq:
“İran təslim olacaq. Bundan sonra Kuba da yıxılacaq”.
O, ABŞ-nin Kubada hökuməti devirmək planının olub-olmaması ilə bağlı suala da cavab verib:
“Bəs siz nə düşünürsünüz? Bu məsələ 50 ildir ki, tortun üzərindəki krem kimidir. Mənim üçün bu, kiçik məsələdir. Venesuela əla iş görür. Delsi Rodrigez əla iş görür. Onlarla münasibətlərimiz əladır”.
Tramp ABŞ-nin Kubanın kommunist rejimi ilə bağlı vəziyyəti izlədiyini də qeyd edib:
“Onların köməyə ehtiyacı var. Biz Kuba ilə danışırıq”.
ABŞ Prezidenti İranla bağlı proseslərə təsir imkanlarının böyük olduğunu dilə gətirib.
Tramp İranda yeni liderin hakimiyyətə gəlişi prosesinə də təsir göstərə biləcəyini bildirib:
“Mənim böyük təsirim olacaq. Əks halda onlar heç bir razılığa gələ bilməzlər. Biz İranın nüvə silahı olmadan inkişaf edə biləcəyi bir rəhbərliyin formalaşmasına kömək edəcəyik”.