Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarında taktiki-xüsusi təlim keçiriblər.
Bu barədə News365.az-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arası 1-ci yol mənzilində yerləşən şaxtanın idarəetmə şkafında şərti qısaqapanmadan “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər ilkin yardım” göstərilməklə təxliyə olunublar.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında mövzu üzrə fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 44 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.