“İcazə Sistemi” logistikanı sürətləndirəcək

“İcazə Sistemi” logistikanı sürətləndirəcək
14:10

Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” ilə bağlı qaydalarda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan yeni qərara əsasən, icazə blanklarının mübadiləsi artıq mərhələli şəkildə elektron sistemə keçirilir.

Qərarda qeyd olunur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AYNA informasiya sistemi ilə elektron mübadilə aparan ölkələrlə sənəd dövriyyəsi tam rəqəmsal qaydada həyata keçiriləcək. Digər ölkələrlə isə mövcud qaydaya uyğun olaraq kağız daşıyıcılar istifadə olunacaq.

Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc bildirib ki, bu dəyişiklik logistika və yükdaşıma proseslərində ciddi səmərəlilik yaradacaq.


Onun sözlərinə görə, elektron sistemə keçid sənəd dövriyyəsini sürətləndirəcək, vaxt itkisinin qarşısını alacaq və daşımaların idarə olunmasını daha çevik edəcək. Eyni zamanda bu addımın logistika xərclərinin azalmasına və nəticədə məhsulların maya dəyərinə müsbət təsir göstərməsi gözlənilir.

İqtisadçı qeyd edib ki, logistika xərcləri məhsulun ümumi maya dəyərinin kiçik hissəsini təşkil etsə də, gecikmələr zamanı bu göstərici arta bilər. Elektronlaşdırma isə həm operativliyi artırır, həm də bazara çıxarılan məhsulların daha əlçatan olmasına şərait yaradır.

V.Oruc əlavə edib ki, sistem tam elektronlaşdıqdan sonra bu sahədə daha böyük səmərəlilik və qiymətlərdə müsbət dəyişikliklər müşahidə oluna bilər.


Sizin reklam burada
Sizin reklam burada