Hörmüz böhranı böyüyür: Azərbaycan üçün risklər nələrdir?

Hörmüz böhranı böyüyür: Azərbaycan üçün risklər nələrdir?
11:19

Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazının bağlanması ehtimalı dünya enerji bazarlarında narahatlıq yaratmaqda davam edir. 

Bunu News365.az-a açıqlamasında politoloq Əhməd Şahidov deyib.

O qeyd edib ki, belə bir addım uzunmüddətli perspektivdə nə İranın, nə də region ölkələrinin maraqlarına cavab verir.

Politoloq bildirib ki, İranın Hörmüz boğazını bağlaması və bölgədə dəniz nəqliyyatına məhdudiyyətlər tətbiq etməsi ilk növbədə öz iqtisadi maraqlarına zərbə vuracaq.

Onun sözlərinə görə, İran gəmilərinin də həmin marşrutdan istifadə imkanları məhdudlaşacaq və bu vəziyyət Tehranın danışıqlara meyillənməsini qaçılmaz edəcək.

"Tərəflərin hazırda maksimalist mövqelərdən çıxış etməsi gələcək kompromis imkanlarını genişləndirmək məqsədi daşıyır. Bununla yanaşı, Hörmüz boğazının uzun müddət bağlı qalmasının dünya iqtisadiyyatı üçün ciddi nəticələr doğuracaq. Belə bir ssenari neft qiymətlərinin yüksəlməsinə, dəniz daşımaları və sığorta xidmətlərinin bahalaşmasına səbəb olur.  Azərbaycan kimi neft ixrac edən ölkələr qısamüddətli dövrdə qiymət artımından müəyyən fayda əldə etsələr də, ümumilikdə regionda sabitliyin pozulması ölkənin maraqlarına uyğun deyil”, – Əhməd Şahidov vurğulayıb.

Ekspert Azərbaycanın qonşuluğunda müharibənin dayandırılmasının və problemlərin diplomatik yollarla həllinin vacibliyini qeyd edib. O bildirib ki, Yaxın Şərqdə davam edən qarşıdurmalar enerji bazarları və beynəlxalq ticarət üçün əlavə risklər yaradır.

Politoloq həmçinin İranın mümkün güclənməsinin Cənubi Qafqazdakı proseslərə də təsir göstərə biləcəyini qeyd edib. Onun fikrincə, Tehran gələcəkdə regiondakı mövqelərini gücləndirməyə çalışa və Zəngəzur dəhlizi kimi məsələlərdə daha sərt ritorikaya qayıda bilər.

Politoloq Ermənistanda keçiriləcək seçkilərin də İran tərəfindən diqqətlə izlənildiyini bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin daha da inkişaf etməsi ehtimalı Tehranda müəyyən narahatlıq yaradır.


Sizin reklam burada
Sizin reklam burada